02:09

Bakıda Azərbaycan ilə Norveç Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycan ilə Norveç Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub

Lider.com.az istinadən bildirir ki, oktyabrın 22-də paytaxt Bakıda Azərbaycan Respublikası və Norveç Krallığı xarici işlər idarələri arasında növbəti siyasi məsləhətləşmə turu təşkil olunub.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev başçılıq edib, Norveç tərəfini isə Xarici İşlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson təmsil edib.

Görüş zamanı ölkələrimiz arasındakı siyasi münasibətlərin indiki səviyyəsi dəyərləndirilib və ikitərəfli dialoqun fasiləsizliyini qorumağın önəmi vurğulanıb.

Danışıqlar əsnasında iqtisadi-ticarət, humanitar, elm, eləcə də təhsil istiqamətlərində əməkdaşlıq əlaqələrinin artırılması imkanları da nəzərdən keçirilib, həmçinin ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu mühüm enerji və nəqliyyat layihələri ətrafında perspektivlər müzakirə edilib.

Bununla yanaşı, müqavilə-hüquq bazasının daha da zənginləşdirilməsinin vacibliyi qeyd olunub, qlobal təşkilatlar çərçivəsində əməkdaşlığa və qarşılıqlı namizədliklərin dəstəklənməsinə diqqət ayrılıb.

Tərəflərə bölgədəki mövcud reallıqlar, Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesi, eləcə də azad olunmuş torpaqlarda aparılan irimiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Sonda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq səviyyəli mövzular üzrə də geniş fikir mübadiləsi aparılıb.