
Lider.com.az istinadən bildirir ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin həyata keçirdiyi “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində 2026-cı il oktyabrın 15-də Avstriyanın Salzburq şəhərində növbəti tədbir təşkil olunub.
Sözügedən sərgi Avstriyadakı Azərbaycan Evinin dəstəyi ilə Salzburq Mərkəzi Vağzalının qarşısındakı ərazidə reallaşdırılıb.
Fotoekspozisiyada mina problemi yalnız keçmiş münaqişənin nəticəsi kimi deyil, azad edilmiş torpaqlarımızda dinc həyata, sosial bərpaya və gələcək quruculuğa mane olan əsas humanitar təhlükə qismində təqdim edilib.
Sərgilənən 22 sənədli fotoqrafiya minaların təkcə ani risk yaratmadığını, həm də insanların taleyini tamamilə məhv etdiyini əyani şəkildə nümayiş etdirib.
Tədbir zamanı diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi nəticəsində postmünaqişə mərhələsində təxminən 500 nəfər həyatını itirib.
Salzburqun mərkəzində baş tutan bu nümayiş təhlükəsiz mühitdə yaşamaq hüququnu bir daha diqqətə çatdırmaqla bərabər, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci bənd kimi “Minasız dünya” təşəbbüsünün əlavə olunmasına çalışır.
Xatırladaq ki, daha əvvəl həmin fotoekspozisiya oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyüblyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, həmçinin oktyabrın 13-də Xorvatiyanın Zaqreb şəhərlərində də baş tutmuşdu.
Qeyd edək ki, “Gilavar” Foto Klubu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu və ANAMA-nın birgə tərəfdaşlığı ilə reallaşan “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” adlı 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biridir.
