02:14

Konstitusiya Məhkəməsi ağır cinayətlərə görə cəzanın təxirə salınması məhdudiyyətinə münasibət bildirib

Konstitusiya Məhkəməsi ağır cinayətlərə görə cəzanın təxirə salınması məhdudiyyətinə münasibət bildirib

Lider.com.az istinadən bildirir ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında ağır cinayətlərin törədilməsinə görə cəzanın icrasının təxirə salınması qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata əsasən, ombudsmanın müraciəti əsasında Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin ölkə Konstitusiyasının bir sıra müddəalarına, o cümlədən 25-ci və 71-ci maddələrinə uyğunluğunun araşdırılması məqsədilə konstitusiya işinə baxılıb.

Plenum iclas zamanı hakim F.Tutayukun məruzəsini, ombudsmanın sorğusunu, həmçinin Milli Məclis Aparatının mövqeyini, eləcə də Ali Məhkəmə, Prokurorluq, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis rəylərini nəzərdən keçirərək müvafiq qərar qəbul edib.

Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır əməllərə görə beş ildən artıq azadlıqdan məhrumetmə cəzası alan şəxslər barədə cəzanın təxirə salınmasına qoyulan qadağa uşaqların hüquqlarının qorunması ilə ictimai təhlükəsizlik və şəxsiyyətin müdafiəsi arasında tarazlığın qorunmasına yönəldiyindən Konstitusiyanın müvafiq maddələrinə tam uyğundur.

Hakimlər cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən yalnız formal şərtlərlə məhdudlaşmamalı, əməlin xüsusiyyətlərini, ictimai təhlükə dərəcəsini və məhkumun şəxsi keyfiyyətlərini dəyərləndirərək onun cəmiyyətdən ayrılmadan islah oluna biləcəyini diqqətdə saxlamalıdırlar.

Qərar elan olunduğu andan qüvvəyə minir.