
Lider.com.az istinadən bildirir ki, “Environmental Protection First” (EPF) koalisiyası Ermənistanda təşkil olunacaq Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası – COP17 ilə əlaqədar dövlətlərə, beynəlxalq ekologiya qurumlarına və vətəndaş cəmiyyətinin təmsilçilərinə müraciət ünvanlayıb.
Yayılan sənəddə vurğulanıb ki, həmin konfrans təbiətin qorunmasına və biomüxtəlifliyin azalmasının qarşısının alınmasına xidmət etsə də, torpaqların deqradasiyasına, transsərhəd çayların zəhərlənməsinə və ardıcıl ekosid cinayətlərinə yol vermiş bir dövlətin bu tədbirə ev sahibliyi etməsi aşkar ikili standartların təzahürüdür.
Bəyanatda qeyd olunub ki, əsl ekoloji həssaslıq selektiv yanaşmalardan, saxta təəssübkeşlikdən və ikili standartlardan tamamilə uzaq olmalıdır.
“Bu səbəbdən, COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkəndirmə fəaliyyətini sorğulamağa çağırırıq”, - deyə müraciətdə bildirilib.
Eyni zamanda, tədbir iştirakçılarından sammit çərçivəsində düşən hər bir imkandan istifadə edərək bir sıra mühüm məqamları gündəmə gətirmələri tələb olunub:
- Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: illər boyu Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən-Emalı Kombinatının buraxdığı ağır metallarla zəngin zərərli tullantılar Oxçuçayda ağır çirklənmə yaradıb. Əvvəllər zəngin su ekosisteminə malik olan bu çay indi zəhərli və paslı bataqlığa dönüb. Həmin ekoloji fəlakət bölgədəki biomüxtəlifliyi, həmçinin erməni işğalından əvvəl Qərbi azərbaycanlıların yaşadığı torpaqların təbiətini tamamilə sıradan çıxarıb və bu da həmin insanların öz tarixi yurdlarına qayıtmasına maneə yaradır;
- Ermənistanın otuzillik işğal rejimi dövründə Azərbaycan torpaqlarında təbiətə vurulan ziyan: Qarabağ və Şərqi Zəngəzur bölgələrində meşələr kütləvi şəkildə qirilib, təbii sərvətlər qanunsuz olaraq talanıb və ərazi sistematik dağıntılara məruz qalıb;
- Azərbaycanla sərhəd yaxınlığında təhlükəli sənaye obyektlərinin inşası: İrəvanın Arazdəyəndə (Yerasx) və digər sərhəddəki məntəqələrdə ağır metallurgiya və sənaye layihələri gerçəkləşdirməyə cəhd göstərməsi ekoloji cəhətdən zərərli istehsal sahələrinin qonşu bölgədə məqsədli şəkildə qurulduğunu göstərir;
- Nəzarətsiz mədənçilik və çayların yuxarı axarının çirkləndirilməsi: Ermənistanda fasiləsiz aparılan mədən işləri və təmizlənməmiş zəhərli suların transsərhəd çaylara axıdılması Azərbaycanın torpaq münbitliyini, su ehtiyatlarını və ümumi ekoloji tarazlığını ciddi şəkildə təhlükə altına alır;
- Ermənistanın BMT-nin Su Konvensiyasına qoşulmaması: ölkə BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi Konvensiyasına (Helsinki Konvensiyası) qoşulmaqdan imtina etməklə yanaşı, bu istiqamətdə qonşularla əməkdaşlıqdan da yayınır. Sərhədyanı təbiətə zərbə vuran və ekosistemi məhv edən bir dövlətin bu sənədə qoşulmadan özünü ekologiyanı qoruyan tərəf kimi göstərməyə çalışması qəbuledilməzdir.
Müraciətin sonunda o da diqqətə çatdırılıb ki, biomüxtəlifliyin qorunması sahəsində səmimi qlobal tərəfdaşlıq dürüstlük, şəffaflıq və ortaq mühafizə tədbirləri üzərində qurulmalıdır: “Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir”.
