02:14

BQXK Ermənistanda saxlanılan hərbçimiz Nəsimi Musayevlə hələlik görüşməyib

BQXK Ermənistanda saxlanılan hərbçimiz Nəsimi Musayevlə hələlik görüşməyib

Lider.com.az istinadən bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan ərazisində saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayevə hələ ki baş çəkilməyib.

Bu məlumatı “Sputnik Armenia”ya açıqlamasında BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni təsdiqləyib.

Onun sözlərinə görə, qurumun bu məsələ ilə məşğul olmaq üçün müvafiq mandatı mövcuddur, lakin hələlik hər hansı bir ziyarət həyata keçirilməyib.

Zara Amatuni əlavə edib ki, onlar sözügedən məsələ ilə əlaqədar Ermənistan rəsmiləri ilə əlaqə saxlayır və danışıqlar aparırlar.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə xəbərlər yayılmışdı.

Bildirilib ki, sentyabrın 26-da Nəsimi Musayevin xidməti ərazidə olmaması və yeri barədə məlumat alınmaması səbəbindən dərhal axtarışlar başladılmış, Müdafiə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər görülmüşdü.

Hadisənin səbəblərini araşdırmaq üçün Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və toplanmış materiallar əsasında Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr ortaya çıxıb.

Daha sonra isə Ermənistan məhkəməsinin çıxardığı qərarla Nəsimi Musayev həbs olunub.