
Lider.com.az istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə başçısı Vladimir Putinə hesabat verərək Donetsk və Zaporojye bölgələrində bir sıra strateji yaşayış məntəqələrinin ələ keçirildiyini bildirib.
Bu barədə açıqlama Putinlə Birgə Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsində baş tutan iclas zamanı səsləndirilib.
Bildirilir ki, “Cənub” qüvvələr birliyi Donetsk vilayətindəki Alekseyevo-Drujkovka şəhərini işğaldan azad edib, “Mərkəz” qruplaşması isə Ukrayna ordusunun Dnepropetrovsk istiqamətindəki əsas istehkam nöqtələrindən sayılan Dobropolye şəhərini nəzarətə alıb. Gerasimov əlavə edib ki, hazırda Dobropolyedə gizlənən Ukrayna hərbçilərinin zərərsizləşdirilməsi istiqamətində təmizləmə əməliyyatları icra olunur.
Eyni zamanda, Rusiya birlikləri Zaporojye vilayətinin Novopavlovka və Novoandreyevka kəndlərinə də sahib çıxıblar. Həmçinin Belozerskoye şəhərinə soxulan hərbçilər orada küçə döyüşləri aparır və Orexov şəhəri istiqamətində hücum əməliyyatlarını davam etdirirlər. Gerasimov Zaporojye, Sumı və Xarkov cəbhələrində də irəliləmə prosesinin mütəmadi olaraq davam etdiyini diqqətə çatdırıb.
Öz növbəsində Vladimir Putin qeyd edib ki, cari ilin əvvəlindən bəri Rusiya ordusu 6,5 min kvadratkilometr ərazini və 310 yaşayış məntəqəsini öz nəzarəti altına keçirib. O vurğulayıb ki, sentyabr ayı ərzində ələ keçirilən ərazinin həcmi əvvəlki ayla müqayisədə 2,5 dəfə çox olub.
