
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubiley tədbiri çərçivəsində “Vaqif” operası tamaşaçılara təqdim olunub.
Mərasimdə çıxış edən akademik, Milli Məclis Sədrinin müavini Rafael Hüseynov mərhum sənətkarın milli musiqi tariximizdəki müstəsna yerindən və geniş yaradıcılıq irsindən bəhs edib. O qeyd edib ki, yubiley günündə bu teatrın səhnəsində həmin əsərin nümayiş etdirilməsi ölməz sənətkarın xatirəsinə göstərilən dərin ehtiramın, eləcə də onun yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsidir.
İki pərdə və beş şəkildən ibarət səhnə əsəri Xalq şairi Səməd Vurğunun eyniadlı dramının motivləri əsasında, Firudin Mehdiyevin librettosu əsasında hazırlanıb.
Layihənin dirijorluğunu Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissorluğunu Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysterliyini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamlığını Əməkdar mədəniyyət işçisi Yusif Babayev, rəqslərin quruluşunu isə Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə həyata keçiriblər.
Səhnə əsərində əsas rolları ifa edənlər arasında Vaqif obrazını Əməkdar artist Ramil Qasımov, Xuramanı ilk dəfə olaraq Fatimə Cəfərzadə, Qacarı ilk dəfə Taleh Yahyayev, Vidadini Xalq artisti Əkrəm Poladov, İbrahim xanı ilk dəfə Mahir Tağızadə, Əlibəyi Əməkdar artist Tural Ağasıyev, Gülnarı Səma Həmzəyeva, Qarı obrazını Əməkdar artist Gülüstan Əliyeva, Şeyx Alını Nəzər Bəylərov, Eldarı Əməkdar artist Cahangir Qurbanov, Vəziri isə ilk dəfə Rəhman Əzizli canlandırıblar.
Bundan əlavə, xanəndə oğlan partiyalarını Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov səsləndiriblər. Vokalistləri tarda Xalq artisti Elçin Həşimov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.
Bəstəkarın əsrlik yubileyinə həsr olunan bu mədəniyyət tədbiri onun yaradıcılıq mirasına olan dərin ehtiramı nümayiş etdirməklə bərabər, milli opera sənətimizin dəyərli incilərindən birinə ictimaiyyətin diqqətini bir daha yönəldib.
