00:42

İran rəsmi Tehranın yəmənliləri Səudiyyə Ərəbistanına qarşı qızışdırdığı barədə iddiaları rədd edib

İran rəsmi Tehranın yəmənliləri Səudiyyə Ərəbistanına qarşı qızışdırdığı barədə iddiaları rədd edib

Lider.com.az istinadən bildirir ki, İran tərəfi Səudiyyə Ərəbistanı və Yəmən arasındakı ziddiyyətlərin dinc yolla aradan qaldırılması prosesinə dəstək verməyə amadədir.

Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bəyan edib.

O, Tehranın Yəmən böhranı ilə bağlı dəyişməz mövqeyini diqqətə çatdıraraq vurğulayıb ki, tərəflərin müraciəti gələcəyi təqdirdə, Səudiyyə Ərəbistanı və Yəmən arasındakı qarşıdurmanın dayandırılması məqsədilə bütün potensiallarından yararlanmağa hazırdırlar.

Son on iki ildə baş verən prosesləri şərh edən Bəqai xarici müdaxilələrin, güc tətbiqetmə siyasətinin və blokadanın Yəmən probleminin çıxış yolu olmadığını diqqətə çatdırıb.

Diplomat Yəmənin dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin, ölkənin daxili işlərinə qarışılmasının dayandırılmasının, eləcə də tətbiq edilən dəniz və hava embargolarının ləğvinin vacibliyini qeyd edib.

Bəqai, eyni zamanda, rəsmi Tehranın yəmənliləri Səudiyyə Ərəbistanına hücum etməyə sövq etməsi barədə səslənən fikirləri qətiyyətlə təkzib edərək söyləyib ki, Yəmənin silahlı qüvvələri öz milli maraqları və subyektiv qiymətləndirmələri çərçivəsində addım atırlar.

Sonda o, qarşılıqlı gərginliyin yüksəldilməsinin heç bir tərəfin maraqlarına cavab vermədiyini bildirib.