
Lider.com.az istinadən bildirir ki, Almaniya hakimiyyəti büdcə gəlirlərini artırmaq məqsədilə tütün məmulatları, tərkibində şəkər olan içkilər və bir sıra alkoqollu məhsullara tətbiq edilən vergi dərəcələrini yüksəltmək niyyətindədir.
Proqnozlara görə, tütün sektoruna tətbiq olunacaq yeni vergilər 2027-2030-cu illər ərzində xəzinəyə 12 milyard avrodan çox əlavə vəsait daxil olmasına imkan yaradacaq. Gözlənilən bahalaşma nəticəsində cari onilliyin sonuna kimi bir qutu siqaretin qiymətinin 11 avronu ötəcəyi bildirilir. Lakin müxalifət nümayəndələri bu qərarın qeyri-qanuni tütün dövriyyəsini sürətləndirə biləcəyindən ehtiyat edirlər.
Bununla yanaşı, 2027-ci ilin iyulundan etibarən şəkərli içkilərdən də rüsum tutulmağa başlanacaq. Məhsulun tərkibindəki şəkərin həcmindən asılı olaraq hər litr üçün 0,26-0,32 avro vergi müəyyənləşdiriləcək. Hökumət bu vasitə ilə 2027-ci ildə 690 milyon avro, növbəti ildə isə 925 milyon avro əlavə vəsait toplamağı hədəfləyir.
Həmçinin 2027-ci ildən etibarən köpüklü şərab və bəzi digər spirtli içkilərə verginin 20 faiz artırılması nəzərdə tutulur. Adi süfrə şərabı və pivə isə bu vergi artımından kənarda saxlanılıb.
Oxşar addımlar digər Avropa dövlətlərində də atılmaqdadır. Belə ki, Böyük Britaniyada şəkərli içkilərə nəzarət mexanizmləri sərtləşdirilir, Fransa isə 2027-ci ilə qədər bir qutu siqaretin pərakəndə qiymətini təxminən 13 avroya çatdırmağı planlaşdırır.
