
Lider.com.az istinadən bildirir ki, bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasının ildönümüdür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 17-də Füzuli şəhəri düşmən tapdağından azad edilib.
Hərbi əməliyyatların başlanmasından həmin tarixədək rayonun bir sıra kəndləri də uğurlu döyüşlərlə azadlığa qovuşmuşdu.
Füzuli şəhərinin azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin il oktyabrın 17-də xalqa ünvanladığı müraciət zamanı verib.
Dövlət başçısı həmin çıxışında Füzuli şəhəri ilə bərabər, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğaldan qurtarıldığını elan etmişdi.
Füzuli uğrunda döyüşlər son dərəcə gərgin və qızğın keçib.
Ermənistan silahlı qüvvələrinin müqavimət xəttini qıran Azərbaycan hərbçiləri onları geri oturtmağa nail olub və düşmən ağır itkilərə məruz qalıb.
Füzuli əməliyyatı gedişində qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası darmadağın edilib.
Ölkəmizdə "Füzulinin azad olunmasına görə" medalı təsis olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu rayonun azadlığı uğrunda aparılan döyüşlərdə fədakarlıq və şücaət göstərən hərbi qulluqçular həmin medalla təltif ediliblər.
Ölkə başçısının imzaladığı digər Sərəncamla oktyabrın 17-si Füzuli Şəhəri Günü elan olunub.
Hazırda Böyük Qayıdış proqramına uyğun olaraq, azad edilmiş Füzuli şəhərinə sakinlərin köçürülməsi prosesi uğurla davam etdirilir.
Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalmışdı.
İşğal dövründə ermənilər Füzuli şəhərini və qəsəbələri tamamilə dağıdıb, tarixi, dini, mədəni abidələrimizi, qəbiristanlıqları, həmçinin təbiəti vəhşicəsinə dağıdaraq vandallığa məruz qoyublar.
