00:04

Xudafərin kəndinin və tarixi körpülərin azad olunmasından altı il ötür

Xudafərin kəndinin və tarixi körpülərin azad olunmasından altı il ötür

Lider.com.az istinadən bildirir ki, Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad olunmasının ildönümü tamam olur.

Silahlı Qüvvələrimiz 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin iyirmi ikinci günündə, yəni həmin il oktyabrın 18-də qədim Xudafərin körpülərini, həmçinin eyniadlı yaşayış məntəqəsini düşmən tapdağından qurtarıb.

Həmin əlamətdar gündə həmçinin Cəbrayılın Hacılı və Hacı İsaqlı kəndləri də azadlığına qovuşub.

Otuz ilə yaxın davam edən işğal müddətində erməni qüvvələri digər bölgələrimiz kimi Xudafərin kəndini də viran qoyub, yaşayış evlərini, idarə binalarını və bütün infrastruktur obyektlərini yerlə-yeksan ediblər.

Xudafərin kəndinin və əfsanəvi körpülərin geri alınması İkinci Qarabağ müharibəsinin ən yaddaqalan səhifələrindən biridir.

Xalqımızın tarixində dərin iz buraxmış bu abidələrin azad edilməsi hərbi qulluqçularımızın qələbə əzmini daha da gücləndirib və rəqibin həm hərbi, həm də mənəvi-psixoloji çöküşünü sürətləndirən əsas amillərdən biri olub.