
Lider.com.az istinadən bildirir ki, Fransada həyat səviyyəsinin çətinləşməsi, yanacaq dəyərinin yüksəlməsi və digər sosial problemlər səbəbindən təşkil olunan etiraz yürüşləri səngimir.
Paytaxt Parisdə etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar qeydə alınıb, hüquq-mühafizə qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından yararlanıblar.
Parisdəki əsas aksiyadan öncə ölkənin müxtəlif bölgələrində də polis ilə etiraz edənlər arasında qarşıdurmalar baş verib. Mərkəzi küçələrdə polis su şırnaqları vasitəsilə kütləni dağıtmağa çalışıb, aksiya iştirakçılari isə hüquq-mühafizəçilərə daş atıblar.
Yaranmış gərginlik fonunda ölkənin şərq hissəsindəki Lion şəhərində turizm idarəsinin binasında yanğın qeydə alınıb.
Nümayişçilər tərəfindən törədildiyi bildirilən yanğınla bağlı yayılan kadr əkslərində tikilinin daxilində və ətrafında alov dillərinin olduğu, həmçinin bir neçə pəncərənin qırıldığı nəzərə çarpır.
Yerli polis qurumu qeyd edib ki, aqressiv şəxslər yanğınsöndürənlərin alovu təhlükəsiz şəkildə söndürməsinə maneə yaradıblar. Asayiş keşikçilərinin radikal qrupları zərərsizləşdirməyə çalışdığı bildirilir.
Marsel şəhərində də iğtişaşların baş verdiyi, polis bölməsinin binasına ziyan dəydiyi, küçələrdə ocaqların qalanaraq gözyaşardıcı qaz tətbiq olunduğu vurğulanır. Etirazçılar qısa müddətə Marsel meriyasının binasına da soxulmağa müvəffəq olublar.
Yayılmış kadrlarda nümayişçilərin binanın giriş qapısını açmaq üçün cəhd göstərdiyi görünür. Şəhər meri Benoît Payan hadisələr nəticəsində yaranan ziyanın az miqdarda olduğunu açıqlayıb.
Fransa Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə əsasən, gün ərzində ölkə üzrə 160-dan çox vətəndaş saxlanılıb. Qurum ümumilikdə 140 ayrı aksiya və nümayişdə təxminən 33 min nəfərin iştirak etdiyini bildirib.
Aksiyalarda yanacağın bahalaşmasına etiraz edən “sarı jiletlilər”, həmkarlar təşkilatlarının təmsilçiləri və gənclər kimi müxtəlif kəsimlər təmsil olunurlar. Bir neçə həftə əvvəl başlayan tələbə çıxışları getdikcə daha geniş miqyaslı sosial narazılıq dalğasına çevrilib. Daxili İşlər Nazirliyi bəzi etirazçıları qarətə cəhd etməkdə və polislərə hücum çəkməkdə günahlandırır.
Bununla belə, Parisdə açıqlama verən bəzi gənc iştirakçılar dinc məqsəd güddüklərini və ölkədə real dəyişikliklərə nail olmaq istədiklərini vurğulayıblar. Ölkəboyu qarşıdurmalar davam edərkən, polis qüvvələri vəziyyəti nəzarət altına almaq üçün tədbirlərini davam etdirir.
