00:05

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür

Lider.com.az istinadən bildirir ki, bu gün ölkəmizin dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümüdür. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” tarixi Konstitusiya Aktı qəbul edilib.

Sözügedən sənəddə vurğulanır ki, Ali Sovet Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də bəyan etdiyi İstiqlal Bəyannaməsinə, respublikanın demokratik prinsipləri və ənənələrinin varisliyinə əsaslanaraq, habelə 1991-ci il 30 avqust tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannaməni rəhbər tutaraq bu aktı qəbul edir və müstəqil dövlətin siyasi, eləcə də iqtisadi quruluşunun təməlini qoyur.

Həmin il dekabrın 29-da ölkədə ümumxalq səsverməsi təşkil olunub. Referendum bülleteninə “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualı salınıb və xalq yekdilliklə müstəqilliyə dəstək nümayiş etdirib.

1992-ci ilin may ayında parlament musiqisi Üzeyir Hacıbəyova, sözləri Əhməd Cavada məxsus Dövlət himnini, az sonra isə üçrəngli bayrağı və ortasında alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbini təsdiqləyib. Elə həmin ildən etibarən 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd edilməyə başlanıb və 2006-cı ilədək istirahət günü hesab olunub.

2006-cı ilin dekabrında Əmək Məcəlləsinə daxil edilən düzəlişlərə əsasən, 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram statusunu qorusa da, iş günləri sırasına daxil edilib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də təsdiqlədiyi “Müstəqillik Günü haqqında” qanunla isə 28 may Müstəqillik Günü (qeyri-iş günü), 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü (iş günü olan bayram) elan olunub. Bu addıma qədər 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi təqvimdə yer alırdı.