
Lider.com.az istinadən bildirir ki, Vətən müharibəsi günlərində Gəncə şəhərinin erməni hərbi birləşmələri tərəfindən sayca beşinci dəfə raket zərbələrinə məruz qalmasından altı il keçir.
2020-ci il oktyabrın 17-də gecə yarısı saat 01 radələrində təcavüzkar tərəf ölkənin ikinci böyük şəhərinin mərkəzində yerləşən və cəbhə bölgəsindən uzaqda olan Cavadxan qəsəbəsini "SCUD/Elbrus" operativ-taktiki ballistik raketləri vasitəsilə atəşə tutub.
Düşmən təcavüzü nəticəsində yaşayış binaları yerlə-yeksan edilib, dinc sakinlər dağıntılar altında qalıb, nəticədə 14 nəfər həyatını itirib, 55-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, həmçinin mülki infrastruktura və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Qurbanlar və yaralananlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar da var idi.
Baş verən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi müddətində Ermənistan ordusu Gəncəni ümumilikdə 5 dəfə - oktyabrın 4, 5, 8, 11 və 17-də ağır artilleriya və raketlərdən hədəfə alıb. Bunun nəticəsində 26 nəfər şəhid olub, 175 sakin yaralanıb, şəhərdəki mülki obyektlərə və nəqliyyata ciddi ziyan vurulub.
Ümumilikdə isə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si azyaşlı və 27-si qadın olmaqla 93 dinc sakin həlak olub, 454 mülki vətəndaş yaralanıb. Həmçinin 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatına zərər dəydiyi müəyyən edilib.
