
Lider.com.az istinadən bildirir ki, oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təntənəli açılış mərasimi baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və incəsənət adamları iştirak ediblər.
Açılışda çıxış edən Oğulcahan Atabayeva xalqlararası münasibətlərdə incəsənətin və ətraf mühitin mühafizəsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, mədəniyyət müxtəlif millətləri bir-birinə yaxınlaşdırır, insanların qəlbində gözəlliyə sevgi oyadır və ümumi bəşəri dəyərlər ətrafında birləşməyə dəstək olur. O.Atabayeva bildirib ki, bugünkü ekspozisiyanın əsas ideyası təbiətdir və insanla təbiət arasındakı tarazlıq dayanıqlı inkişafın əsas şərtidir. Təbiətə həssaslıqla yanaşmaq, onun zənginliyini gələcək nəsillərə ötürmək həm hər bir fərdin, həm də bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifədir.
Leyla Əliyeva sərgidə təqdim olunan sənət əsərləri və iki dövlətin ortaq ekoloji problemləri barədə düşüncələrini bölüşüb. O qeyd edib ki, ekspozisiyada 35 dövlətdən 62 rəssamın 116 işi, eləcə də türkmən sənətkarlarının əsərləri yer alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti nümayiş olunan hər bir parçanın təbiətin zərifliyini, gücünü və gözəlliyini fərqli şəkildө əks etdirdiyini, bununla da təbiəti qorumağın vacibliyini bir daha xatırlatdığını bildirib. Sərginin ziyarətçilərə derin emosiyalar və ilham bəxş edəcəyini deyən Leyla Əliyeva qeyd edib: “Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb”.
IDEA İctimai Birliyinin fəaliyyətinə də toxunan Leyla Əliyeva təşkilatın istər ölkəmizdə, istərsə də qlobal miqyasda bu cür çətinliklərin aradan qaldırılması istiqamətində bir sıra layihələr gerçəkləşdirdiyini diqqətə çatdırıb.
Daha sonra qonaqlar sərgi salonundakı eksponatlarla yaxından tanış olublar.
Nümayiş olunan nümunələr sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət əsərləri də təmsil olunub. Burada xalçalar, milli musiqi alətləri, qədim zinət əşyaları, baş geyimləri və xalqın maddi-mədəni irsini əks etdirən digər nadir əşyalar nümayiş etdirilir.
Xatırladaq ki, Azərbaycan da daxil olmaqla, çoxsaylı ölkələrin sənətkarlarını bir araya gətirən MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi cəmiyyəti incəsənət dili ilə planetimizi gələcək nəsillər üçün qorumağa səsləyir. Tədbirdə rəsm, müxtəlif instalyasiya, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün aktual ekoloji, həmçinin sosial çağırışları ilə səsləşən hekayələr təqdim olunur.
