03:07

İrandan gözlənilməz, Türkiyədən isə sərt mövqe: Məktəbli forması müzakirələri və informasiya hücumlarının reallığı

İrandan gözlənilməz, Türkiyədən isə sərt mövqe: Məktəbli forması müzakirələri və informasiya hücumlarının reallığı

Lider.com.az istinadən bildirir ki, Azərbaycanda vahid məktəbli forması qaydalarının tətbiqi ətrafında qızğın müzakirələr gedir və xüsusilə Türkiyə ilə İranın bu məsələyə reaksiyaları diqqəti cəlb edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai də mövzuya münasibət bildirərək, məsələnin ölkə daxilindəki imkanlar və ictimai müzakirələr vasitəsilə həll olunmasının tərəfində çıxış edib.

İranlı rəsmi Bakı ilə Tehran arasındakı qədim dostluq əlaqələrini xatırladıb və mövcud anlaşılmazlıqların qarşılıqlı hörmət, dini dəyərlər, eləcə də vətəndaşların hüquqları çərçivəsində aradan qaldırılacağına inandığını ifadə edib.

Bəqainin sözlərinə görə, Azərbaycan cəmiyyəti və hakimiyyəti bu məsələni öz aralarında qarşılıqlı anlayış əsasında həll etməlidirlər.

Bununla da İran XİN sözçüsü qonşu ölkənin bu mövzuya Türkiyə ilə müqayisədə daha təmkinli yanaşdığını nümayiş etdirdi və dolayısilə prosesi Azərbaycanın daxili işi hesab etdiyini göstərdi.

Buna baxmayaraq, Türkiyədən gələn bəyanatlar tamamilə fərqli xarakter daşıyır və uşaqların məktəbə hicabla buraxılmamasının yolverilməzliyi barədə ultimatum xarakterli çağırışlar səslənir.

Əslində, Bəqainin səsləndirdiyi fikirlər göstərdi ki, bizim məhz qardaş Türkiyədən gözlədiyimiz təmkinli yanaşma bu dəfə İrandan gəldi. Belə ki, İslam respublikası olan İran məktəbli forması məsələsinin dinə qarşı yönəlmədiyini qəbul etdiyi halda, təəssüf ki, Türkiyədə bu mövzu siyasi təzyiq alətinə çevrilir.

Aparılan monitorinqlərin nəticələri göstərir ki, hicab məsələsi üzərindən Azərbaycana qarşı yönələn informasiya hücumlarının təxminən 64 faizi Türkiyə mənbələrinin, cəmi 11 faizi isə İran payının üzərinə düşür.

Strateji müttəfiq hesab edilən Türkiyənin bəzi media qurumlarında və ictimai-siyasi dairələrində məsələnin olduqca sərt dillə təqdim olunması və vahid geyim qaydalarının guya dini azadlıqların boğulması kimi qələmə verilməsi manipulyasiyalara yol açır.

Ən təhlükəli məqam isə odur ki, Türkiyədəki bəzi qruplar ölkəmizin daxili qanunvericilik tənzimləməsini qəsdən dini qarşıdurma kimi göstərməyə çalışırlar.

Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı heç bir dini icmanı hədəfə almır, əksinə, təhsil müəssisələrində dünyəvi təhsil prinsiplərinin və vahid geyim standartlarının qorunmasına xidmət edir və məktəb heç vaxt ideoloji mübarizə meydanı ola bilməz.

Türkiyənin bəzi informasiya platformalarında hüquqi çərçivənin unudularaq emosiyalar üzərindən mənfi ictimai rəy yaratmaq cəhdləri qardaşlıq bağlarına tamamilə ziddir.

Faktların təhrif olunması və məktəbli forması qaydalarının İslam dəyərlərinə qarşı addım kimi təqdim edilməsi ciddi suallar doğurur.

Müttəfiq ölkənin media məkanında Azərbaycanın daxili qərarlarının təzyiq vasitəsinə çevrilməsi münasibətlərin ruhuna uyğun deyil və azyaşlı uşaqların həssas mövzuların mərkəzinə atılması qəbuledilməzdir.

İranın rəsmi nümayəndəsinin belə Azərbaycan xalqının öz problemlərini təkbaşına həll etmək iradəsinə hörmətlə yanaşdığı bir vaxtda, Türkiyənin bəzi dairələrinin bu daxili məsələni regional mübahisəyə çevirməsi diqqət çəkir.

Bütün bunlar göstərir ki, əsl qardaşlıq təkcə bəyanatlarla deyil, tərəfdaşın suveren qərarlarına hörmətlə ölçülür və xarici qüvvələrin daxili işlərə müdaxilə cəhdləri yolverilməzdir.

Azərbaycanın daxili işləri xaricdən idarə olunan dini emosiyalara deyil, yalnız ölkə qanunlarına və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanmalıdır.