03:36

Bakıda Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr baş tutub

Lider.com.az istinadən bildirir ki, oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrө dövlət katibi Frano Matuşiçi qəbul edib.

Söhbət zamanı tərəflər ikitərəfli strateji tərəfdaşlığın səviyyəsini və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblөр. Eyni zamanda, qarşılıqlı səfərlərin və müntəzəm siyasi məsləhətləşməlrin əlaqələrin genişlənməsindəki əhəmiyyəti xüsusi vurğulanıb.

İqtisadi və ticarət sahələrindəki mövcud vəziyyət müzakirə olunaraq, dövriyyənin artırılması və sərmayələrin stimullaşdırılması zərurəti qeyd edilib. Ənənəvi enerji, eləcə də alternativ mənbələr, turizm, kənd təsərrüfatı və rəqəmsal sahələrdə tərəfdaşlığın şaxələndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ölkəmizin strateji mövqeyi önə çəkilərək, Orta Dəhlizin yaratdığı imkanlardan bəhrələnmək və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyi davam etdirmək əhəmiyyətli hesab olunub.

ANAMA ilə Xorvatiyanın profilli qurumları arasındakı təcrübə mübadiləsi və tərəfdaşlıq müsbət qiymətləndirilib. Xorvatiyalı rəsmi mart ayında ölkəsində minalardan təmizləmə prosesinin yekunlaşdığını bildirərək bu istiqamətdə hər cür yardım göstərməyə hazır olduqlarını ifadə edib.

Xorvatiyalı iş adamları ölkəmizdəki əlverişli biznes mühitindən, Bakı Beynəlxalq Dəniz Limanının və Ələt Azad İqtisadi Zonasının təklif etdiyi imkanlardan yararlanmağa, habelə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa işlərinə qoşulmağa dəvət olunublar.

Nazir Ceyhun Bayramov qonağa postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar və normallaşma, sülh danışıqları prosesi barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin regional təhlükəsizlik gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün iki ölkənin xarici siyasət idarələri arasında növbəti siyasi məsləhətləşmələr raundu da təşkil olunub. Nümayəndə heyətlərinə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Xorvatiyanın dövlət katibi Frano Matuşiç başçılıq ediblər.