
Lider.com.az istinadən bildirir ki, İran prezidenti Məsud Pezeşkian son səfərlər əsnasında Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi, ekologiyanın çirklənməsi və canlı aləmin təhlükə altına düşməsi kimi mühüm problemlərin müzakirə edildiyini açıqlayıb.
Onun qeyd etdiyinə görə, bu cür problemlər bütün dövlətlər üçün təbiətin mühafizəsinin ümumi məsuliyyət və labüd ehtiyac olduğunu sübut edir.
Ermənistanın baş naziri Nikol Paşinyanla təmaslarına toxunan İran dövlət başçısı ikitərəfli əlaqələri və qarşıdakı hədəfləri dəyərləndirdiklərini, həmçinin birgə strateji sənədin tərtib olunmasını müzakirə etdiklərini söyləyib.
O diqqətə çatdırıb ki, müvafiq sahələrin təhlili və tərəfdaşlığın genişləndirilməsi üçün zəruri şəraitin yaradılmasına dair hər iki ölkənin mütəxəssislərinin ixtisaslaşmış toplantılar keçirməsi qərara alınıb.
Pezeşkian Gürcüstanın hökumət başçısı ilə apardığı müzakirələrə, o cümlədən İran, Ermənistan və Gürcüstanın regional işbirliyini gücləndirmək potensialına da işarə vurub.
Onun ifadələrinə əsasən, qarşılıqlı nəqliyyat-tranzit yollarının inkişafı, habelə coğrafi üstünlüklərin Avropa, Fars körfəzi, Əfqanıstan, Hindistan və digər ölkələrlə əlaqələndirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
Sonda Pezeşkian bu cür əməkdaşlığın iqtisadi, mədəni, sosial və siyasi əlaqələrin irəliyə aparılması baxımından yeni perspektivlər aça biləcəyini vurğulayıb.
