02:39

Türkiyə Prezident Administrasiyası Azərbaycandakı bayraq iddialarına münasibət bildirib

Türkiyə Prezident Administrasiyası Azərbaycandakı bayraq iddialarına münasibət bildirib

Lider.com.az istinadən bildirir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində paylaşılan Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd edildiyi barədə iddiaların tamamilə həqiqətəuyğun olmadığı və dezinformasiya xarakteri daşıdığı açıqlanıb.

Bu barədə qardaş ölkənin Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən "X" sosial şəbəkəsində məlumat yayılıb.

Paylaşımda həmin kadrların əslində köhnə illərə aid olduğu diqqətə çatdırılıb.

Sözügedən görüntülərin qeydə alındığı zaman Türk bayrağına qarşı təxribat törətməyə cəhd göstərən şəxsə məhz yerli Azərbaycan vətəndaşları tərəfindən dərhal ən sərt və qətiyyətli cavabın verildiyi vurğulanaraq, bayrağın endirilməsi kimi heç bir halın yaşanmadığı bəyan edilib.

Mərkəzdən əlavə olaraq qeyd olunub ki, arxivə aid kadrların guya yeni baş vermiş hadisə kimi təqdim olunması və məzmunundan qoparılaraq dövriyyəyə buraxılması birbaşa Bakı ilə Ankara arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrini hədəfə alıb.

Sonda ictimaiyyət üzvləri bu cür hallara və manipulyasiyalara qarşı maksimum dərəcədə həssaslıq və diqqət göstərməyə dəvət olunublar.