
Lider.com.az istinadən bildirir ki, Azərbaycan paytaxtında Macarıstanın dövlət bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Macarıstan səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə hökumət rəsmiləri, parlament üzvləri və ictimaiyyətin tanınmış simaları iştirak ediblər.
Gecədə nitq söyləyən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ölkəsinin keçdiyi azadlıq yolundan danışıb və hər il oktyabrın 23-ünün macarlar tərəfindən azadlıq günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 1956-cı il hadisələri milli yaddaşda dərin iz buraxıb və bu mübarizənin əsas amalı suverenliyin, insan ləyaqətinin həmçinin azadlığın qorunmasıdır.
Diplomat vurğulayıb ki, hər iki xalqın tarixi fərqli olsa da, hər iki millət xarici təzyiqlərin çətinliklərini dərindən dadıb və gələcəklərini müstəqil qurmaq əzmini çox yaxşı başa düşür. Səfir əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra beynəlxalq müstəvidə fəal mövqe tutub, Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfələr verib, eləcə də Şərqlə Qərb arasında mühüm nəqliyyat-kommunikasiya qovşağına çevrilib.
Tamaş Yojef Torma xatırladıb ki, Bakı ilə Budapeşt arasındakı əlaqələr 2023-cü ildə genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, enerji sektorundakı tərəfdaşlığın genişləndiyini, macar şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərdiyini və iqtisadiyyata sərmayə qoyduğunu qeyd edib.
Səfirin sözlərinə görə, əməkdaşlıq bərpaolunan enerji istiqamətini də əhatə edir və Macarıstan Azərbaycan, Gürcüstan, eləcə də Rumıniya ilə birlikdə Xəzərdən Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan Yaşıl Enerji Dəhlizi layihəsinə qoşulub. Macarıstanın MVM şirkəti həmçinin Azərbaycandakı Şəfəq Günəş Elektrik Stansiyası layihəsində də təmsil olunur. Diplomat iqtisadi əlaqələrin su təsərrüfatı, əczaçılıq və kənd təsərrüfatı sahələrində də irəlilədiyini bildirib. O, xalqlar arasındakı humanitar bağların vacibliyini qeyd edərək, Macarıstanda təhsil alan tələbələrin, həmçinin hər iki paytaxtda bir-birinin dilini öyrənən vətəndaşların dostluğun möhkəmlənməsinə xidmət etdiyini söyləyib.
Torma Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunduğunu xatırladaraq, ölkəsinin Avropa kimliyi ilə türk xalqlarına olan tarixi bağlılığının bir-birini tamamladığını qeyd edib.
Azərbaycan hökuməti adından çıxış edən Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Nərgiz Qurbanova Macarıstan xalqını təbrik edərək sülh və firavanlıq arzularını çatdırıb. O qeyd edib ki, ikitərəfli siyasi məsləhətləşmələrin aparılması və strateji dialoqun üçüncü raundunun baş tutması siyasi əlaqələrin davamlı xarakter daşıdığını sübut edir.
Nərgiz Qurbanova BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin görüşünün perspektivlərin müzakirəsi baxımından mühüm rol oynadığını bildirib. O, nəqliyyat, tranzit, energetika, eləcə də Xəzər dənizi - Qara dəniz - Avropa yaşıl enerji dəhlizi istiqamətindəki əməkdaşlığı perspektivli sahələr kimi diqqətə çatdırıb.
O, təhsil sahəsindəki birgə layihələrin xalqların bir-birini daha dərindən anlamasına kömək etdiyini vurğulayıb və bu xüsusda Macarıstan hökumətinin tələbələr üçün ayırdığı “Stipendium Hungaricum” təqaüd proqramının rolunu qeyd edib. Nərgiz Qurbanova beynəlxalq təşkilatlar çərçivəsində də fəal tərəfdaşlıq edən Azərbaycan ilə Macarıstanın qarşılıqlı etimada əsaslanan münasibətlərinin bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
