
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının missiyası dövlətlərarası əməkdaşlıq işində əsaslı rol oynayır.
Paytaxtda BMT-nin təsis olunmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edən İsveçrənin ölkəmizdəki səfiri Tomas Ştehli bu fikirləri səsləndirib.
Diplomat vurğulayıb ki, BMT Günü təşkilatın təməlində dayanan prinsipləri – sülhü, insan hüquqlarını və beynəlxalq əməkdaşlığı xatırlamaq üçün fürsətdir. Bu prinsiplərin təzyiq altında olduğu bir dövrdə BMT-nin fəaliyyəti öz əhəmiyyətini qoruyur. Ölkələr arasında dialoq heç də həmişə asan olmur, lakin onu əvəz edə biləcək başqa bir vasitə yoxdur.
Ştehli diqqətə çatdırıb ki, İsveçrənin Cenevrə şəhəri BMT-nin Avropa qərargahına və bir sıra mühüm beynəlxalq təşkilatlara ev sahibliyi edir. Burada hökumətlər, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti qlobal problemləri müzakirə edir və onların həlli üçün praktiki yollar axtarır.
Onun sözlərinə görə, BMT Gününün konsert proqramı vasitəsilə qeyd olunması sülhün, insan hüquqlarının və beynəlxalq əməkdaşlığın əhəmiyyətini xatırlatmaqla yanaşı, musiqi və mədəniyyətin müxtəlif mənşəli insanları bir araya gətirmək gücünü nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın zəngin musiqi irsi bu tədbirə xüsusi məna qatır.
