
Lider.com.az istinadən bildirir ki, Polis Akademiyasında təhsil alan kursantların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, nəzəri biliklərinin zənginləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması istiqamətində müxtəlif sahə mütəxəssislərinin qatılımı ilə mühazirələr və görüşlər təşkil olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, fərqli fənlər üzrə gerçəkləşdirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, həmçinin Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər və onların növləri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Məşğələlər müddətində dəvət olunan peşəkarlar tərəfindən nəzəri məlumatlar real həyatdan götürülən təcrübi misallarla izah edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb və gələcək xidməti fəaliyyətdə lazım olacaq əsas bacarıqların formalaşdırılmasına yönələn vacib məqamlar diqqətə çatdırılıb.
