
Lider.com.az istinadən bildirir ki, Fərhad Abdullayevin rəhbərliyi altında Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası baş tutub.
Məhkəmə instansiyasının mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Baş Prokurorluğun müraciəti əsasında ölkə Konstitusiyasının 28 və 60-cı maddələri kontekstində Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə qarşılıqlı əlaqədə şərh olunması məsələsi müzakirə edilib.
Plenum iclas zamanı hakim H.Əfəndiyevanın məruzəsini dinləyib, eləcə də maraqlı tərəf olan Prokurorluğun sorğusunu, Milli Məclis Aparatının mülahizəsini, ombudsmanın, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Ali Məhkəməsinin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin mütəxəssis rəylərini, həmçinin ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və işin digər materiallarını nəzərdən keçirərək müvafiq qərara gəlib.
Qərar sənədində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələrinin məqsədi, Cinayət-Prosessual Məcəlləsinin müvafiq tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun bu qərarındakı hüquqi yanaşmalar nəzərə alınmaqla, həbs tədbirinin seçilməsi haqda təqdimata baxan məhkəmə şəxsin törətdiyi ehtimal olunan əmələ dair əsaslı şübhələrin olub-olmadığını, ilkin sübutların yetərli dərəcədə olmasını, həbs üçün qanuni əsasların mövcudluğunu və alternativ yüngül qətimkan tədbirinin tətbiqinin mümkünlüyünü mütləq yoxlayıb qiymətləndirməlidir.
Məhkəmənin həbs qətimkan tədbirinin tətbiqi barədə aktında şəxsin qanunsuz əməldə şübhəli və ya təqsirləndirilən şəxs qismində iştirakına dair əsaslı şübhələrin, eləcə də ilkin sübutların yetərsizliyinə istinad olunması həmin şəxsin günahkarlıq məsələsinin qabaqcadan həlli kimi qələmə verilə bilməz.
Qəbul olunan qərar rəsmi dərc edildiyi andan qüvvəyə minir.
