Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı rayonunda yerləşən “Nəsimi Bağları” kompleksini ziyarət ediblər.
Əvvəlcə qonaqlar ərazidə sərgilənən incəsənət nümunələri ilə tanış olublar, ardınca isə xüsusi kapibara üslubunda hazırlanan “Capybara Cafe”yə yollanıblar.
Sözügedən kafe qonaqlara rahat və fərqli mühit təklif edir, çünki onun interyeri və təqdim olunan nemətlər vahid dizayn konsepsiyasına əsaslanır.
Məkanda hər bir kiçik detal kapibaraları xatırladır, hətta menyudakı şirniyyat məmulatları da bu heyvanların formasında hazırlanır.
Bundan başqa, xatirə olaraq müxtəlif hədiyyələr almaq istəyənlər üçün kafenin daxilində suvenir mağazası da xidmət göstərir.
Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva ölkədə ilk olan “Capybara Azerbaijan” fermasına baş çəkərək yaradılan şəraitlə tanış olub və kapibaraları yemləyiblər.
Azərbaycanda ilk kapibara ferması statusunu daşıyan bu müəssisə insanların həmin nadir heyvanlarla yaxından ünsiyyət qurması, ekoturizmin təşviqi və təbiətə qayğıkeş münasibətin aşılanması məqsədilə təsis edilib.
Mərkəzi və Cənubi Amerikada yayılan, planetin ən iri gəmiriciləri sayılan kapibaralar son illərdə bütün dünyada böyük rəğbət qazanıblar.
Mehribanlığı, qeyri-adi xarici görünüşü və ünsiyyətcilliyi ilə seçilən bu canlılar insanlarda təbiətə və heyvanlar aləminə qarşı xüsusi sevgi oyadır.
Həmin amillər nəzərə alınmaqla inşa edilən “Capybara Azerbaijan” ferması ən müasir texnoloji standartlara uyğun şəkildə qurulub.
Kompleksin infrastrukturu kapibaraların təbii yaşayış arealına tam uyğunlaşdırılması üçün xüsusi olaraq layihələndirilib.
Məkanda sakinlər üçün həm açıq, həm də qapalı hovuzlar, eləcə də fərdi vannalar quraşdırılıb.
Eyni zamanda, ferma müasir su təmizləmə qurğuları, avtomatik nəmləndirmə mexanizmləri və təbii Günəş şüalarını təkrar edən xüsusi UV lampaları ilə təchiz olunub.
Həm azyaşlıların, həm də böyüklərin böyük marağına səbəb olan bu guşədə ekzotik təbiətlə yaxından təmas qurmaq və kapibaraları qidalandırmaq mümkündür.
Ziyarətçilər həmçinin bu heyvanların həyat tərzi, vərdişləri və təbii mühiti barədə ətraflı məlumat əldə etmək imkanına malikdirlər.
Sonda qonaqlar ərazidə yerləşən maraqlı layihələrdən biri olan “Magic Village”də qlobal miqyasda məşhurlaşan hobbit evlərindən birinə də baş çəkiblər.
