Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə bir araya gəlib.
Danışıqlar zamanı Azərbaycan ilə beynəlxalq qurum arasında tərəfdaşlığın indiki səviyyəsi və gələcək imkanları, təhsil, elm, mədəniyyətlərarası ünsiyyət, süni intellekt, tarixi irs, davamlı turizm, "İnsan və Biosfer" proqramı, eləcə də Afrika dövlətlərinə və kiçik ada ölkələrinə dəstək mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər 2013-cü ildə qəbul edilmiş Çərçivə Sazişinin və təsis edilmiş Azərbaycan-UNESCO Etimad Fondunun əlaqələrin genişlənməsində əsaslı rol oynadığını diqqətə çatdırıblar.
Eyni zamanda, ölkəmizin öz hədəflərinə uyğun olaraq UNESCO-nun müxtəlif təşəbbüslərinə və layihələrinə yardımlarını davam etdirməkdə maraqlı olduğu diqqətə çatdırılıb.
Görüşdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qurumun fəal şəkildə təmsil olunması məmnunluq doğuran hal kimi qiymətləndirilib və təşkilatın bu tədbir çərçivəsində üç panel iclası reallaşdırdığı xatırladılıb.
Nazir müavini Elnur Məmmədov "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" və Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib.
O, innovativ texnologiyaların respublikanın tərəqqisi və dövlət xidmətlərinin rəqəmsal müstəviyə keçirilməsi məqsədilə tətbiq edildiyini diqqətə çatdırıb.
Öz növbəsində, Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə reallaşdırılmasına və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
UNESCO rəsmisi respublikamızın təşkilat üçün mühüm sahələr olan Afrika dövlətlərinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada ölkələrinə verdiyi dəstəyi xüsusi olaraq yüksək dəyərləndirib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələri davam etdiriblər.
