00:41

Leyla Əliyeva Şamaxıdakı sosial tikiş fabrikinin işi ilə tanış olub

Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində yerləşən sosial tikiş müəssisəsini ziyarət ediblər.

Onlara bu obyektin iş prinsipi, yaradılan əmək şəraiti və sosial yardıma ehtiyacı olan xanımların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü və “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində qurulan mərkəzdə hazırda 21 nəfər qadın əmək fəaliyyəti ilə məşğuldur. Dövlət dəstəyi sayəsində ilkin mərhələdə 10 qadınla işə başlayan müəssisə sonradan arealını genişləndirərək Şamaxının Göylər kəndində də filialını istifadəyə verib və hər iki ünvanda ümumilikdə 50-yə yaxın xanım işlə təmin edilib.

Bu iş yerlərində tənha analarla bərabər, aztəminatlı ailələrdən olan şəxslər də çalışırlar və əsas məqsəd kadr potensialını artırmaq, daha çox qadını işlə təmin etməklə ailələrin rifah halını yaxşılaşdırmaqdır.

Baxış zamanı Leyla Əliyeva və Alyona Əliyeva istehsal prosesini yaxından izləyib, işçilərlə söhbət aparıb və onlarla xatirə fotosu çəkdiriblər.