Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edərək məktəbəqədər təhsil ocağındakı şəraitlə ətraflı tanış olublar.
Heydər Əliyev Fondu tərəfindən tikilən bu təhsil müəssisəsi 110 nəfərlik azyaşlı üçün nəzərdə tutulub və obyektin tərkibində qızlar ilə oğlanlar üçün ayrı yataq korpusları, qrup otaqları, tibb və informatika kabinetləri, musiqi və gimnastika zalları, həmçinin yeməkxana və qarderob mövcuddur.
Müəssisə bütün lazımi inventar və mebellərlə təchiz olunub, qrup otaqlarına isə müvafiq əyani vasitələr yerləşdirilib.
Azyaşlıların asudə vaxtını səmərəli keçirməsi məqsədilə həyətdə söhbətgahlar quraşdırılıb və müxtəlif oyun attraksionları qoyulub.
Körpələr evi-uşaq bağçasının rəhbəri Səidə Zahidova vurğulayıb ki, 1969-cu ildə inşa olunan əvvəlki bina artıq yararsız vəziyyətə düşdüyündən yeni tikiliyə böyük ehtiyac var idi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə ucaldılan bu yeni ocaqda azyaşlılar altı qrupda təhsilə cəlb ediləcəklər.
Respublikamızda uşaq bağçalarının inşası və mövcud bazanın müasir standartlara uyğun yenilənməsi dövlət proqramlarının əsas istiqamətlərindən biridir və Heydər Əliyev Fondu da bu işə mühüm töhfə verir.
Fond 2014-cü ildən etibarən "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını reallaşdıraraq uşaqların düzgün tərbiyə almasına və bilikli böyüməsinə dəstək göstərir.
Sözügedən təşəbbüs paytaxtla yanaşı respublikanın müxtəlif bölgələrini, o cümlədən Şamaxı rayonunu əhatə edir və son dövrlərdə burada bir sıra yeni məktəblər və uşaq bağçaları inşa olunaraq sakinlərin istifadəsinə verilib.
