
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli İstanbul Nişantaşı Universitetinin rəhbəri, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Danışıqlar zamanı ali məktəblər arasında tərəfdaşlığın indiki vəziyyəti, gələcək inkişaf yolları, beynəlxalq akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi məsələləri, eləcə də birgə fəaliyyət imkanları diqqət mərkəzində olub.
ATU-nun rəhbəri Gəray Gəraybəyli ali təhsil ocağının beynəlxalq əməkdaşlıq strategiyası və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat təqdim edib. Professor Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyi çərçivəsində fəaliyyət göstərən "Orhun" mübadilə proqramının əhəmiyyətini xüsusi vurğulayaraq, müəllim və tələbə mübadiləsinin universitetlər arasındakı bağları daha da gücləndirdiyini qeyd edib.
Rektor həmçinin ATU-nun Türkiyənin 40-dan çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini xatırladaraq, bu tərəfdaşlıqların qarşılıqlı inkişaf və təcrübə mübadiləsi baxımından böyük önəm daşıdığını bildirib.
Gəray Gəraybəyli İstanbul Nişantaşı Universiteti ilə əvvəlki əməkdaşlıq memorandumunun müddətinin başa çatdığını, lakin əlaqələrin yeni istiqamətlərdə davam etdirilməsinə müsbət baxıldığını da diqqətə çatdırıb. O, qabaqcıl təcrübənin bölüşülməsinin, faydalı təşəbbüslərin reallaşdırılmasının və akademik əlaqələrin davamlılığının vacibliyini vurğulayıb.
İstanbul Nişantaşı Universitetinin rektoru, professor Ayşegül Komşuoğlu Çıtıpıtıoğlu iki təhsil qurumu arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib. O, rəhbərlik etdiyi qurumun ATU ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib və gerçəkləşdirilə biləcək layihələr barədə fikirlərini bölüşüb.
Toplantıda universitetlərin beynəlxalq reytinqlərdəki mövqelərinin inkişafa təsiri, akademik heyət və tələbələr üçün təcrübə mübadiləsi imkanlarının artırılması, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda tərəflər əməkdaşlığı yeni mərhələyə daşımaq məqsədilə yeni memorandumun bəndlərini ətraflı müzakirə etmək və lazımi razılıq əldə olunduqdan sonra sənədi imzalamaq barədə qərara gəliblər.
