16:10

Ölkəmizdə həmkarlar ittifaqlarının təsis olunmasının 121 illiyi qeyd edilib

Ölkəmizdə həmkarlar ittifaqlarının təsis olunmasının 121 illiyi qeyd edilib

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən respublikamızda həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümünə həsr olunan təşkil olunub.

Mərasim dövlət himninin səsləndirilməsi ilə başlanğıc götürüb, ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra həmkarlar ittifaqlarının təşəkkül və inkişaf yolunu əks etdirən film nümayiş etdirilib, eləcə də bir sıra xarici dövlətlərin həmkarlar ittifaqı təşkilatlarının təbrik məktubları səsləndirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov kürsüyə çıxaraq 121 il əvvəl konka işçiləri tərəfindən bünövrəsi qoyulan Azərbaycan həmkarlar ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən, zəhmətkeşlərin hüquqlarının qorunmasındakı xidmətlərindən danışıb və qurumun nüfuzunun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizdə ictimai institutların inkişafı üçün formalaşdırılan əlverişli mühit həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə geniş imkanlar yaradır, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə icra olunan saysız-hesabsız layihələr isə ölkəmizin ictimai təşkilatları üçün əsl nümunədir.

Bildirilib ki, Konfederasiyanın işinin səmərəliliyini daha da yüksəltmək məqsədilə son illər ardıcıl islahat tədbirləri həyata keçirilir, normativ hüquqi baza yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib, ittifaq üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq olunub, rəqəmsallaşma miqyası genişləndirilib və müxtəlif sosial layihələr reallaşdırılıb.

“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrə toxunan Sahib Məmmədov “yaşıl iqtisadiyyat”a keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin yeni bacarıqlara yiyələnməsi istiqamətində Konfederasiya tərəfindən səlahiyyətləri daxilində görülən işlər barədə də iştirakçıları məlumatlandırıb.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Azərbaycan həmkarlar hərəkatının ictimai həyatdakı mövqeyinə və insanların əməyinə verilən qiymətə diqqəti cəlb edib.

Milli Məclisin deputatı Kamal Cəfərov və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov çıxışlarında həmkarlar ittifaqlarının ölkəmizdə əmək mədəniyyətinin formalaşmasındakı rolunu və əmək münasibətlərində tərəflərin maraqlarının uzlaşdırılmasındakı xidmətlərini yüksək qiymətləndiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, fəxri dəmiryolçu Abdulla İsmayılzadə çalışdığı sahədə həmkarlar ittifaqlarının əhəmiyyətindən bəhs edib, AHİK-in gənc əməkdaşı, Pan-Avropa Regional Şurasının Gənclər komitəsinin vitse-prezidenti Ülviyyə Rəsulzadə isə həmkarlar ittifaqları sistemində gənclərin peşəkar kimi yetişməsi üçün yaradılan şəraitdən danışıb.

Sonda yığıncaq bədii hissə ilə davam etdirilib.