15:28

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdama mediatur təşkil olunub

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdama mediatur təşkil olunub

Lider.com.az istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə jurnalistlərin işğaldan azad edilən torpaqlarda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yaxından tanışlığı məqsədilə Ağdam rayonuna səfəri təşkil edilib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsinin azad olunmuş bölgələrin minalardan və partlamamış sursatlardan təmizlənməsi istiqamətindəki tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Xatırladaq ki, Vətən müharibəsinin başa çatmasından dərhal sonra ərazilərin partlamamış hərbi qalıqlardan təmizlənməsi prosesinə digər aidiyyəti qurumlarla bərabər, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də qoşulub və bu işlər kəndlərdə, qəsəbələrdə, eləcə də su hövzələri və kanalların ətrafında aparılır, hazırda isə Ağdam rayonunda intensiv şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə işlərinə cəlb edilən heyət ən son texnoloji avadanlıqlar, o cümlədən məsafədən idarəolunan "GCS-200" markalı müasir təmizləyici robotlarla təchiz olunub, həmçinin əməkdaşlar ixtisaslaşdırılmış kurslar keçərək müvafiq akkreditasiyadan keçiblər.

Eyni zamanda, təmizləmə əməliyyatlarında xüsusi hazırlıq keçmiş xidməti itlərdən də geniş şəkildə yararlanırlar.

Azad edilən torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə həyata keçirilir və vətəndaşların doğma yurdlarına təhlükəsiz qayıdışı təmin olunur.

Fövqəladə Hallar Nazirliyi bölgəyə səfər edən şəxslərə, orada daimi məskunlaşan sakinlərə və tikinti-quruculuq işlərində çalışanlara müraciət edərək ehtiyatlı olmağı, təhlükəli zonalara daxil olmamağı, yalnız xüsusi işarələnmiş və təmizlənmiş yollardan istifadə etməyi tövsiyə edir, çünki bu tələblərin pozulması həyat üçün böyük təhlükə yaradır.

Vətəndaşlardan hər hansı mina, partlamamış sursat və ya şübhəli əşya aşkar edildiyi təqdirdə onlara əsla toxunmamaq və dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat vermək xahiş olunur.