15:28

Elşən Salahov Buzovna və Şüvəlanda məktəblilər və valideynlərlə bir araya gəldi

Elşən Salahov Buzovna və Şüvəlanda məktəblilər və valideynlərlə bir araya gəldi

Lider.com.az istinadən bildirir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sözügedən ərazidə yerləşən bir neçə təhsil müəssisəsinin – 156, 230, 237, 26, 125, 234 və 206 nömrəli tam orta məktəblərin şagirdləri və onların valideynləri ilə toplantı reallaşdırıb.

Tədbirdə şəhid ailələrinin nümayəndələri, din xadimləri, ağsaqqallar, icra başçısının Şüvəlan və Buzovna qəsəbələri üzrə inzibati ərazi dairələri üzrə nümayəndələri, eləcə də bələdiyyə sədrləri və təhsil ocaqlarının direktorları iştirak ediblər.

Açıq söhbət zamanı vətəndaşların müraciətləri və təklifləri dinlənilib, onları narahat edən müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və məktəblərdə geyim qaydalarına riayət olunması, vahid yanaşmanın qorunması ilə bağlı normativ hüquqi aktların tələbləri izah edilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ümumi təhsil müəssisələrində həm şagirdlər, həm də müəllimlər üçün xüsusi geyim tələbləri müəyyənləşdirilib.

Toplantıda şagirdlərin təsdiq olunmuş geyim formalarına əməl etməsinin, dünyəvilik prinsipinə zidd olan elementlərdən qaçılmasının və müəllimlərin də müvafiq standartlara uyğun geyinməsinin təhsil müəssisələrində nizam-intizamın qorunması üçün böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Bundan əlavə, məktəb rəhbərliyi, pedaqoji heyət və valideynlər arasında səmərəli əlaqələrin qurulmasının, qaydaların məqsədinin dolğun şəkildə izah edilməsinin və təhsil ocaqlarının hər bir azyaşlı üçün təhlükəsiz, bərabərhüquqlu və ayrı-seçkilikdən uzaq mühitə çevrilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.