
Lider.com.az istinadən bildirir ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün sentyabrın 15-dən etibarən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq olunmağa başlayıb, lakin bu dəyişiklik də tıxac problemini tam həll edə bilməyib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva bildirib ki, gələcək illərdө yollardakı sıxlığı azaltmaq məqsədilə ali məktəblərlə yanaşı, orta məktəblərdə də dərslərin başlama saatlarına yenidən baxılması müzakirə oluna bilər.
Onun sözlərinə görə, təhsil müəssisələrində iş rejimlərinin dəyişdirilməsi nəqliyyat yükünün azalmasına müsbət təsir göstərə biləcək vacib məsələlərdən biridir və hər hansı yenilik tətbiq ediləcəyi təqdirdə, bu, yalnız yeni tədris ili ərəfəsində əvvəlcədən planlaşdırılmalı, ictimaiyyətə elan edilməli və hər kəsin hazırlığı təmin olunmaqla icra edilməlidir.
Deputat əlavə edib ki, belə bir qərarın nəqliyyat axınına necə təsir edəcəyini mütəxəssislər ətraflı qiymətləndirməlidirlər.
Mehriban Vəliyeva mümkün dərs cədvəli variantları arasında ibtidai siniflərdə dərslərin saat 08:00-09:00 əvəzinə 10:00-11:00 intervalında başlamasını və ya tam orta təhsil pilləsində fərqli qrafiklərin tətbiq olunmasını təklif edib.
O qeyd edib ki, bu cür dəyişikliklər həyata keçirilərkən məktəblərin infrastrukturu, şagirdlərin yaş xüsusiyyətləri, valideynlərin məşğulluğu və tədrisin tələbləri mütləq nəzərə alınmalıdır.
Eyni zamanda, ali təhsil müəssisələrində də dərslərin mərhələli şəkildə fərqli saatlara bölünməsinin pik saatlardakı nəqliyyat sıxlığını azalda biləcəyini vurğulayan deputat, bütün bu mexanizmlərin səmərəsini nəqliyyat mütəxəssisləri ilə birlikdə reallığa uyğun şəkildə araşdırmağın vacibliyini diqqətə çatdırıb.
