
Lider.com.az istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il oktyabrın 25-dən etibarən payız-qış uçuş cədvəlinə keçəcək.
2027-ci il martın 27-dək qüvvədə olacaq bu proqram çərçivəsində Türkiyə, Avropa, Yaxın Şərq, Mərkəzi, həmçinin Cənubi və Şərqi Asiya və digər marşrutlar üzrə beynəlxalq reyslər həyata keçiriləcək.
Avropa qitəsi istiqamətində London, Berlin, Paris, Frankfurt, Milan, Roma, Barselona, Vyana, Varşava, Budapeşt, Belqrad, Praqa və Kişineu şəhərlərinə uçuşlar təşkil olunacaq. Yeni qrafikə əsasən, Bratislavaya səfərlərin oktyabrın 28-dən başlanması nəzərdə tutulur.
Türkiyə marşrutu üzrə İstanbulun hər iki hava limanına – İstanbul və Sabiha Gökçənə, eləcə də Ankara, Antalya, İzmir və Trabzona reyslər yerinə yetiriləcək. Yaxın Şərq regionunda isə Dubay, Şarja, Əbu-Dabi, Küveyt, Doha, Ər-Riyad və Ciddə şəhərləri yer alıb. Qış tətilini dəniz kənarında keçirmək istəyən sərnişinlər üçün Male və Şarm əl-Şeyx istiqamətlərinə də mövsümi uçuşlar cədvələ salınıb.
Mərkəzi Asiyada Astana, Almatı, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbəyə uçuşlar planlaşdırılır. Cənubi və Şərqi Asiya istiqamətində isə Dehli, Mumbai, İslamabad, Lahor, Urumçi və Pekin şəhərlərinə reyslər nəzərdə tutulub.
Payız-qış mövsümünün reysləri “Azerbaijan Airlines”, “Air Arabia”, “Air Astana”, “China Southern Airlines”, “flydubai”, “IndiGo”, “Lufthansa”, “Pegasus Airlines”, “Qatar Airways”, “Turkish Airlines”, “Uzbekistan Airways”, “Wizz Air” və bir sıra digər daşıyıcılar tərəfindən icra olunacaq.
Uçuşların tezliyi və günləri istiqamətdən, habelə mövsümün dövründən asılı olaraq dəyişə bilər. Sərnişinlərə səyahətlərini əvvəlcədən tənzimləyərkən həmin tarixlərə olan aktual cədvəli aviaşirkətlərin rəsmi internet səhifələrindən yoxlamaq tövsiyə olunur. Reyslərin cari vəziyyəti ilə bağlı məlumatı isə Heydər Əliyev Beynəlxalq Aeroportunun airport.az/az/flights/ ünvanındakı rəsmi saytından əldə etmək mümkündür.
