
Lider.com.az istinadən bildirir ki, oktyabrın 19-dan etibarən 114A, 114B, 500, 503 və 508 nömrəli marşrut xəttlərinin Sumqayıt istiqamətində hərəkət edən avtobusları “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanındakı mövcud dayanacaqdan başqa ünvana köçürülür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata əsasən, 114A və 114B nömrəli avtobusların sərnişinləri artıq “20 Yanvar” metrosunun Müzəffər Həsənov küçəsindəki çıxışında, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi binasının qarşısında yerləşən başlanğıc dayanacaqdan yararlana bilərlər. Həmin marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələrinə doğru hərəkəti zamanı növbəti dayanacağı Moskva prospektindəki “Şamaxinka” kimi tanınan ərazidə, “Alov zavodu”nun qarşı tərəfində müəyyənləşdirilib.
Bundan əlavə, 500, 503 və 508 nömrəli avtobusların istifadəçiləri metronun “20 Yanvar” stansiyasının Sumqayıtistiqamətli çıxışında yerləşən Moskva prospekti 6 ünvanındakı dayanacaqdan – 594 nömrəli ekspres marşrutun mövcud dayanacağından istifadə etməlidirlər. Bu avtobusların da Sumqayıt istiqamətində növbəti dayanacaq məntəqəsi “Şamaxinka” ərazisindəki “Alov zavodu” ilə üzbəüz yerləşir.
Eyni zamanda, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxemində də dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində gediş-gəliş Əli Tağızadə küçəsi vasitəsilə təşkil olunacaq. Həmin üç marşrut üzrə avtobuslar Moskva prospektindəki “Şamaxinka” ərazisində yerləşən (“Alov zavodu” ilə üzbəüz) dayanacaqdan çıxarılır və sərnişinlər Əli Tağızadə küçəsindəki 2 saylı poçt filialının 134 saylı poçt şöbəsinin yaxınlığında yerləşən dayanacaqdan istifadə edə biləcəklər.
Qeyd edək ki, şəhərin müxtəlif nöqtələrindən “20 Yanvar” metro stansiyasına və “Şamaxinka” ərazisinə gələrək yolunu Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyən vətəndaşlar avtobuslara Moskva prospekti 6 ünvanından (metronun Sumqayıt çıxışından), yaxud “Şamaxinka”da “Alov zavodu” ilə üzbəüz yerləşən məntəqədən minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələrinə üz tutmaq istəyən sərnişinlərə isə “20 Yanvar” metro stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışındakı (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi binasının qarşısı) və ya “Şamaxinka” ərazisindəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaqlardan yararlanmaq tövsiyə olunur.
