
Lider.com.az istinadən bildirir ki, sərnişin axınının daha səmərəli idarə olunması və xətlər üzrə intervalların tənzimlənməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata əsasən, metronun "20 Yanvar" stansiyası ətrafında və "Şamaxinka" kimi tanınan zonada müntəzəm avtobus xətlərinin hərəkəti optimallaşdırılaraq vətəndaşların nəqliyyat vasitələrinə rahat və maneəsiz şəkildə minib-düşməsi təmin olunacaq.
Bu məqsədlə oktyabrın 19-dan etibarən 114A, 114B, 500, 503 və 508 nömrəli avtobuslar Sumqayıt istiqamətində hərəkət edərkən "20 Yanvar" metro stansiyasının yaxınlığında, Moskva prospektində yerləşən "14 saylı notariat ofisi"nin yanındakı dayanacaqdan yığışdırılır.
114A və 114B nömrəli marşrutların sərnişinləri artıq avtobuslara "20 Yanvar" stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin binasının önündə yerləşən başlanğıc dayanacaqdan minə bilərlər. Həmin xətlərin Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətindəki növbəti dayanacağı isə Moskva prospektində, "Şamaxinka" ərazisində ("Alov zavodu"nun qarşısı) müəyyənləşdirilib.
Öz növbəsində, 500, 503 və 508 nömrəli marşrutların istifadəçiləri "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətinə çıxışında yerləşən - Moskva prospekti 6 ünvanındakı (594 nömrəli ekspres xəttin mövcud dayanacağı) məntəqəyə müraciət edə bilərlər. Bu avtobusların Sumqayıt istiqamətində növbəti dayanacağı da "Şamaxinka"da "Alov zavodu" ilə üzbəüz yerləşən məntəqədir.
Bundan başqa, 156, 156A və 170 nömrəli marşrutların hərəkət sxeminə də düzəlişlər edilib və onların Hökməli ilə Binəqədi qəsəbələri istiqamətində gedişi Əli Tağızadə küçəsi vasitəsilə təşkil olunacaq. Qeyd olunan hər üç xətt Moskva prospektindəki "Şamaxinka" dayanacağından çıxarılır və bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki "2 saylı poçt filialının 134 saylı poçt şöbəsi"nin yaxınlığındakı dayanacaqdan yararlana biləcəklər.
Paytaxtın müxtəlif nöqtələrindən "20 Yanvar" metrostansiyasına və "Şamaxinka"ya gələrək yolunu Sumqayıt istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanındakı, yaxud "Şamaxinka"dakı "Alov zavodu" ilə üzbəüz yerləşən dayanacaqdan minməlidirlər.
Pirəkəşkül və Müşfiqabad istiqamətinə üz tutanlara isə "20 Yanvar" stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışındakı və ya yenə də "Şamaxinka"dakı "Alov zavodu" ilə üzbəüz mövcud dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.
Gerçəkləşdirilən bu yeniliklər paytaxtın yol-nəqliyyat şəbəkəsində hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın sürətinin yüksəldilməsinə və sərnişinlərin mənzil başına daha konforlu çatdırılmasına xidmət edir.
