
Lider.com.az istinadən bildirir ki, paytaxtın Binəqədi rayonunda yerləşən və əhalinin "Köhnə trolleybus parkı" kimi tanıdığı ərazidəki "Tayqa kəsişməsi"ndə yeni işıqfor sistemi quraşdırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, ölkə paytaxtında müasir işıqforların quraşdırılması, eləcə də ehtiyac duyulan ünvanlardakı köhnə dirək və qurğuların yeniləri ilə əvəzlənməsi prosesi mütəmadi olaraq davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində tənzimləyici qurğular qərarlaşdırılıb.
Həmin nöqtədə nəqliyyat axınının sıx olması və qəza təhlükəsinin mövcudluğu nəzərə alınaraq, qurumun mütəxəssisləri tərəfindən xüsusi simulyasiya proqramı vasitəsilə ətraflı təhlillər aparılıb.
Həmin araşdırmaların yekununda kəsişmə ərazisində 3 ədəd "L" və 3 ədəd "A" tipli olmaqla, cəmi 6 dirək üzərində həm nəqliyyat, həm də piyada işıqforları istifadəyə verilib.
Görülən bu tədbirlər sayəsində Ziya Bünyadov və Atatürk prospektlərindən, eləcə də digər istiqamətlərdən gələn avtomobillərin həmin kəsişməyə daxil olması xeyli təhlükəsiz şəraitdə həyata keçirilir və piyadaların təhlükəsiz hərəkəti təmin olunub.
