15:27

Türkiyəli jurnalist barəsində Azərbaycanda dövlət çevrilişinə çağırışlara görə cinayət işi açıldı

Türkiyəli jurnalist barəsində Azərbaycanda dövlət çevrilişinə çağırışlara görə cinayət işi açıldı

Lider.com.az istinadən bildirir ki, ölkəmizdə hakimiyyətin güc yolu ilə ələ keçirilməsi, konstitusiya quruluşunun məcburi şəkildə dəyişdirilməsi və dini əsasda ədavətin qızışdırılması halları ilə əlaqədar cinayət işi qaldırılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, internet səhifələrində müxtəlif istifadəçilər, o sıradan "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda dövlət hakimiyyətinin zorla zəbt olunmasına və zor tətbiqi ilə dini nifrət salınmasına yönələn məlumatların paylaşıldığına dair daxil olmuş materiallar araşdırılıb.

Aparılan yoxlamalar nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarından sonra respublikamızda hakimiyyətin devrilməsi və qanunsuz dəyişdirilməsi, dini radikalizm xarakterli, süni intellektin köməyi ilə düzənlənmiş materiallar dəfələrlə tirajlanıb, həmçinin radikal məzmunlu çağırışlar təkrar edilib.

Yığılan sənədlər əsasında baş prokuror tərəfindən 16 oktyabr 2026-cı ildə Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik və fanatizm zəminində zor tətbiq etməklə nifrətin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyətə çağıran, bunu əsaslandıran materialların yayılması, saxlanılması) maddələri ilə cinayət işi başlanaraq ilkin istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Celal Çiftçi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq miqyasda axtarışa verilib. Onun və digər şəxslərin məsuliyyətə cəlb olunması üçün Türkiyənin müvafiq qurumlarına hüquqi yardım sorğuları göndərilib və beynəlxalq əməkdaşlıq çərçivəsində digər tədbirlər görülməkdədir.

İstintaq prosesində həmin məlumatların, oxşar materialların yayılma səbəblərinin, eləcə də iş üçün önəmli olan digər detalların hərtərəfli araşdırılması, hərəkətlərə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Baş Prokurorluq dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai birliyin qorunması məqsədilə hər kəsi dini zəmində nifrət yayan paylaşımlardan uzaq durmağa, sosial şəbəkələrdən məsuliyyətli şəkildə yararlanmağa və qanunvericiliyin şərtlərinə tabe olmağa dəvət edir.