15:39

Jurnalistlər Ağdamda Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olublar

Jurnalistlər Ağdamda Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olublar

Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin təşkilatçılığı ilə azad olunmuş torpaqlarda qurumun apardığı təmizləmə işlərini yerində görmək üçün Ağdam rayonuna mediatur təşkil edilib.

Səfər zamanı nümayəndələrə məlumat verilib ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi həmin bölgələrin minalardan və partlamamış sursatlardan azad edilməsi istiqamətində fəaliyyətini sürətlə davam etdirir.

Mollalar kəndinin ərazisində baş tutan tədbirdə mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, zərərsizləşdirmə tədbirləri yaşayış məntəqələrində, içməli su mənbələrinin ətrafında, eləcə də suvarma kanallarının boyunca həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə hərbi hissəsinin komandiri Süleyman Hüseynov qeyd edib ki, Ağdam rayonunda bu istiqamətdə işlər intensiv xarakter daşıyır və prosesə cəlb olunan heyət ən müasir texnika, eləcə də uzaqdan idarə olunan "GCS-200" tipli minatəmizləyən robotlarla təchiz olunub.

Tədbirdə o da vurğulanıb ki, təmizləmə əməliyyatları əl üsulu, xüsusi təlim keçmiş xidməti itlərin köməyi və mexaniki vasitələrin tətbiqi ilə icra olunur, həmçinin "GCS-200" qurğusu ərazinin relyefindən asılı olaraq saatda 750–1500 kvadratmetr sahəni təmizləmək qabiliyyətinə malikdir.

Səfər çərçivəsində media mənsublarına minaaxtaran itlərin funksiyaları və təhlükəsizlik tədbirləri, o cümlədən tibbi təminatın təşkili barədə ətraflı məlumat verilərək bildirilib ki, işçilərin fiziki və psixoloji durumu mütəmadi yoxlanılır, eyni zamanda sahədə operativ tibbi yardımın göstərilməsi üçün hər cür şərait qurulub.

Sonda Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyi, hələlik təmizlənməmiş torpaqlara daxil olmamağı və yalnız təsdiqlənmiş yollarla hərəkət etməyi tövsiyə edib, həmçinin hər hansı mina və ya şübhəli cisim tapılarsa dərhal "112" qaynar xəttinə zəng etməyi xahiş edib.