
Lider.com.az istinadən bildirir ki, Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzanın başvermə səbəbi olaraq sürücünün sükan arxasında yuxulaması göstərilib.
İnsident səhər saat 05:00 radələrində Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisinə düşən 207-ci kilometrliyində baş verib.
İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı avtokran tipli yük maşını yolun kənarında dayanan Uğurlu Pənəliyevin sürücüsü olduğu “Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Toqquşmanın şiddətindən “Isuzu”da oturan sərnişin – İmişli şəhər sakini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov (Cabbarlı) hadisə yerində dünyasını dəyişib, nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə baş verən ünvana hüquq-mühafizə qurumlarının və Yol Patrul Xidməti Alayının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalara başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsi bu cür səbəblərdən baş verən ağır qəzalardan ciddi narahatlıq duyaraq yük və sərnişindaşıma ilə məşğul olanları yorğun halda sükan arxasına keçməməyə, iş və istirahət rejiminə ciddi riayət etməyə, həmçinin təhlükəsizlik qaydalarına biganə qalmamağa çağırıb.
