00:34

Qurban Qurbanov: “İki komandanın heç biri məğlubiyyətə layiq deyildi”

Qurban Qurbanov: “İki komandanın heç biri məğlubiyyətə layiq deyildi”

Lider.com.az istinadən bildirir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının yeddinci turunda “Neftçi” ilə baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında qarşılaşmanın gedişini dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

“Hər iki tərəf üçün danışacağam. İki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Bu oyun sırf azarkeşlər üçün olan oyun idi. Yaxşı mübarizə, yaxşı dinamika, çox qol... İki tərəfin də futbolçuları məğlub olmağa haqq etmirdilər. Ona görə də hər iki komandanı oyununa görə təbrik edirəm. Düşünürəm ki, çempionatın ən maraqlı oyunlarından biri oldu”, - deyə mütəxəssis bildirib.

O, “Qarabağ”ın hələ də tam adaptasiya ola bilməməsi, yoxsa rəqibin güclənməsi ilə bağlı suala cavab verərkən qarşıda çox sərt və intizamlı kollektivin olduğunu vurğulayıb: “Rəqibi öz oyununu oynamağa qoymurlar, maksimum buna fokuslanıblar, bunu yaxşı icra edirlər. Amma futbolçularımız çox da əsəbiləşmədilər, səbirli oldular, sona kimi öz oyunumuzdan əl çəkmədik. Yaxşı sonluq oldu. Amma özümüzdə də bir az çatışmazlıqlar var. Hələ tam heyət formalaşmayıb, futbolçuların tam adaptasiya müddəti keçməyib. Yeni gələn oyunçularda sanki hamı zədə prosesindən keçir. Vacib olan onların xarakteri idi. Bundan əvvəlki oyunlarda da oyun baxımından çatışmazlıqlarımız var, amma xarakter göstərirlər. Daha yaxşı olmağa gücümüz var, borcluyuq da. Qarşıdakı vaxtlarda hazırlaşıb, yaxşı məşqlər keçib, futbolçuları daha yaxşı idman formasına gətirib çıxaracağıq”.

“Neftçi”nin çempionluq yarışında digər iddialılarla mübarizə aparıb-aparmayacağına münasibət bildirən baş məşqçi bunun tam mümkün olduğunu qeyd edib: “Tam əminliklə. Təkcə çempionluğa meydanda baxmamalıyıq. Öz oyunları var, daha gücləniblər, daha inamlı olublar. Komanda ətrafında böyük inam var. Bu gün də bir daha göstərdilər. Son vaxtlar yadıma gəlmir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda bu qədər “Neftçi” azarkeşi olsun. Bu mövsüm xüsusi hazırlaşıblar. Çempion ola biləcək gücdələr”.

AFFA-da baş verən kadr dəyişiklikləri və Mehman Əşrəfovun işdən azad olunması ilə bağlı məsələyə toxunan Qurbanov həmin müzakirələrdə iştirak etmədiyini deyib: “Xeyr, mənim məlumatım yoxdur. Ola bilər ki, fərqli formada bildiriblər. Başqa cavab verə bilməyəcəyəm”.

Avrokuboklardan kənarda qolmağın yeni komandanın qurulmasına necə təsir etdiyindən danışan çalışdırıcı bildirib ki, məsələyə iki cür yanaşmaq olar: “Avrokuboklarda oynasaydıq, ola bilər ki, bizim çox futbolçumuz avrokuboklarda iştirak etməyib. Sadəcə təsnifat mərhələsində iştirak ediblər. Qrupdakı ağırlığı hiss etmədilər. Həm də o rejimə düşmək, stabil nəticə göstərmək... Nəticələrimiz ürəkaçan olmaya bilərdi, amma avrokuboklarda formalaşmaqda, ora uyğunlaşmaqda da pis olmazdı. Bu da var ki, bəlkə düşüncələrimizi, Azərbaycan çempionatını daha ciddiyə alacaqlar. Bir daha göstərdi ki, burada heç bir oyun rahat formada getmir. Daha peşəkar yanaşmaq lazımdır”.

Rəqiblərin taktikanı çözməsi barədə sualı cavablandıran mütəxəssis klubların böyüdüyünü və ambisiyaların artdığını qeyd edib: “Futbolda belə bir şey yoxdur ki, hər il biz güclü olmalıyıq, çempion olmalı, ya kubok qazanmalıyıq. İstəyərdik ki, daha yaxşı olaq, titulumuzu qoruyub-saxlayaq. Amma “Sabah”, “Neftçi” bu cür oyunlar göstərirlər. “Neftçi” həm “Sabah”la görüşdə, həm də bizimlə oyunda fərqli oyun göstərməklə bərabər, fərqli yanaşma var. Hər bir klubda böyük inam var. Azərbaycanlı kimi buna sevinirəm. Bəli bizə asan ola bilməz. Gələcəyə baxanda, çempionatın səviyyəsi baxımından daha vacib idi. Həm yaxşı məşqçilər gəlir ölkəmizə, həm təcrübəlilər gəlir. Bizim üçün faydalıdır. Ola bilər düşünək ki, bizim üçün sərf etmir, amma Azərbaycan futbolu üçün sərfəlidir”.

O, komandanın ümumi vəziyyətindən danışaraq vurğulayıb ki, uzun illər qruplarda çıxış etdikdən sonra bu dəfə kənarda qalmaq komanda üçün nokdaun effekti yaradıb: “Geri dönmək asan deyildi. Bəzən müzakirələr edəndə, avrokuboklar haqda danışırıq. Təsirlənirik. Hər bir halda, peşəkar idmançılarıq. Hər il avrokubok olmaya bilər, məcburiyyət yoxdur ki, biz orada olmalıyıq. İşimiz daha yaxşı olmaqdır, oyunlara yaxşı hazırlaşmaqdır. Rəhbərlik də bunu başa düşür, qəbul edir. Azarkeşlər daha artığını istəyirlər. Əmin olsunlar ki, işimizin 60-70 faizində onları düşünürük. Bu komandanın adı “Qarabağ”dır, buradakı məşqçilər korpusunda, rəhbərlikdə arxayınlaşma və məsuliyyətsizlik ola bilməz. Torpaqlarımızı geri qaytarmışıq, başımız dikdir. Amma o demək deyil ki, işimiz dayandı və məğlubiyyəti ciddiyə almayacağıq. İnanıram ki, komandanın qətiyyəti qalacaq. Ola bilər ki, nəticə iki il sonra olsun. Amma nə qədər ki, buradayam, ambisiyamızı qoruyub saxlayacağıq”.

Sonda “Sabah”ın avrokuboklardakı şanslarından və çempionatın ümumi dinamikasından danışan Qurban Qurbanov “Borussiya” ilə matçda həmin komandaya uğurlar arzulayıb, eləcə də ölkə futbolundakı ümumi inkişafa və milli komandaya dair xoş arzularını çatdırıb.