
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin təntənəli açılış mərasimi baş tutub.
İki ölkənin dövlət başçıları onlayn formatda həyata keçirilən tədbirdə Xəzər dənizinin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirən ilk fiber-optik magistralın açılışını reallaşdırıblar.
Sözügedən kabel xətti layihəsi NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan "AzerTelecom" və Qazaxıstanın "Kazakhtelecom" şirkətlərinin birgə yaratdıqları "CaspiLink B.V." müəssisəsi vasitəsilə icra edilib.
Azərbaycanın Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhərlərini birləşdirən və uzunluğu 380 kilometr olan bu fiber-optik xətt 400 terabit/s-dən artıq ötürmə gücünə malikdir.
Trans-Xəzər kabel xətti NEQSOL Holding tərəfindən Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin qurulmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" təşəbbüsünün əsas tərkib hissələrindən biridir.
NEQSOL Holding-in təsisçisi Nəsib Həsənov qeyd edib ki, Xəzər regionu Avropa və Asiya arasında unikal mövqedə yerləşir və "Rəqəmsal İpək Yolu" layihəsinin məqsədi məhz bu üstünlüyü güclü rəqəmsal dəhlizə çevirməkdir. O bildirib: "Layihənin tərkib hissəsi olaraq Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabel xəttinin çəkilməsi bu istiqamətdə mühüm uğurdur. Layihənin həyata keçirilməsinə göstərdikləri mühüm dəstəyə görə Azərbaycan və Qazaxıstanın dövlət başçılarına və hökumətlərinə dərin təşəkkürümüzü bildiririk".
NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov isə vurğulayıb: "Region üçün mühüm əhəmiyyət daşıyan Trans-Xəzər kabel xətti Avrasiyanın rəqəmsal infrastrukturuna strateji sərmayədir. Avropa və Asiya arasında yüksəksürətli, dayanıqlı və daha səmərəli məlumat ötürmə marşrutu yaradan bu layihə beynəlxalq rəqəmsal bağlantıları gücləndirəcək, regional əməkdaşlığın genişlənməsinə və iqtisadi inkişafa töhfə verəcək".
Elde olunan bu nailiyyətdə "AzerTelecom", "Kazakhtelecom" və "CaspiLink B.V." komandaları ilə yanaşı, digər iştirakçı tərəflərin də yüksək peşəkarlığı, əzmkarlığı və səmərəli işbirliyi mühüm rol oynamışdır.
Təşəbbüs çərçivəsində təhlükəsiz və etibarlı marşrutun müəyyənləşdirilməsi, dəniz dibinin tədqiqi, kabelin istehsalı və daşınması, xüsusi gəminin modifikasiyası, habelə fiber-optik xəttin Xəzər dənizinin dibi ilə quraşdırılması kimi mürəkkəb mühəndislik işləri yerinə yetirilib.
"Rəqəmsal İpək Yolu" layihəsinin və Trans-Xəzər kabel xəttinin strateji önəmi beynəlxalq təşkilatlar ile regional platformalar çərçivəsində qəbul olunmuş birgə bəyannamələrdə və rəsmi sənədlərdə də öz əksini tapıb.
NEQSOL Holding telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq korporativ qrupdur və 20 mindən çox əməkdaşı ilə qlobal miqyasda 25 milyon müştəriyə xidmət edir.
Regionun ən iri beynəlxalq magistral operatoru olan "AzerTelecom" internet trafikinin topdansatışı, tranziti, transmissiya və digər xidmətləri təqdim edir və NEQSOL Holding-in tərkibindəki "Azerconnect Group"a daxildir.
Qazaxıstanın milli telekommunikasiya operatoru statusunu daşıyan "Kazakhtelecom" ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və müxtəlif rabitə xidmətləri göstərir.
