
Lider.com.az istinadən bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 42-ci məhəllənin sakinlərini qəbul edib.
Tədbirdə icra strukturunun məsul şəxsləri, yerli idarə və müəssisələrin rəhbərləri, həmçinin şəhid ailələrinin nümayəndələri, qazilər və yerli sakinlər iştirak ediblər.
Görüşdə vurğulanıb ki, vətəndaşların müraciətlərinə həssaslıq göstərilməsi, problemlərin yerində araşdırılması və tez bir zamanda aradan qaldırılması yerli rəhbərliyin əsas iş prinsiplərindəndir və bu səbəbdən mütəmadi olaraq belə səyyar görüşlər təşkil olunur.
Açıq fikir mübadiləsi şəraitində keçən qəbul zamanı vətəndaşlar tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması, sosial təminat, məşğulluq məsələləri, kommunal xidmətlər, yol infrastrukturu və abadlıq işləri ilə bağlı müraciətlər səsləndirilib.
Şəhər rəhbəri sakinlərin hər bir müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib, əlavə araşdırma tələb edən məsələlər isə xüsusi nəzarətə götürülüb.
Eyni zamanda, toplantıda Sumqayıtda həyata keçirilən irimiqyaslı quruculuq layihələri, məhəllələrin yenilənməsi, kommunal xətlərin və yolların müasirləşdirilməsi, eləcə də yaşıllıq zolaqlarının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Sonda sakinlər göstərilən diqqətə, problemlərinin birbaşa dinlənilməsinə və şəhərdə görülən abadlıq işlərinə görə minnətdarlıqlarını ifadə ediblər.
