
Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə bir araya gəlib.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, müzakirələr zamanı oktyabrın 15-də Bakıda baş tutmuş AQEM-in VII Sammitinin nəticələri, ölkəmizin 2024–2026-cı illərdəki sədrliyi dövründə görülən işlər, eləcə də qarşıdakı mərhələ üçün prioritetlər və qurumun institusional inkişafı diqqət mərkəzində olub.
Tərəflər VII Sammitin Bakının sədrliyi ilə müvəffəqiyyətlə reallaşdırılmasının Asiya regionunda dialoq, qarşılıqlı etimad və anlaşmanın dərinləşməsi baxımından mühüm rol oynadığını qeyd ediblər. Eyni zamanda, tədbirin yekunlarının qurumun potensialını gücləndirəcəyinə, iştirakçı ölkələr arasındakı əlaqələri genişləndirəcəyinə və ortaq problemlərə qarşı müştərək addımların atılmasını stimullaşdıracağına inam duyulduğu diqqətə çatdırılıb.
Sammitin yekun sənədlərində əldə olunan razılaşmaların təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində və praktiki nəticələrə yönəlməsində əsaslı rol oynayacağı vurğulanıb.
Görüşdə Azərbaycanın çoxtərəfli diplomatiya təcrübəsinə və beynəlxalq qurumlardakı uğurlu rəhbərliyinə toxunularaq, ölkəmizin sədrliyinin AQEM-in qlobal nüfuzunun artmasına, üzv ölkələr arasında tərəfdaşlığın dərinləşməsinə və etimad quruculuğuna xidmət etdiyi bildirilib.
Bundan əlavə, sədrliyimiz müddətində qurumun institusional baxımdan inkişaf etdirilməsi, fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və üzv dövlətlərə praktiki töhfələrin verilməsi istiqamətində görülən tədbirlər müzakirə olunub. Xüsusilə təhsil, gənclər siyasəti, qadınların hüquqlarının genişləndirilməsi, media və nəqliyyat marşrutları sahələrindəki əməkdaşlığın, habelə bu istiqamətdə təsis edilmiş platformaların əhəmiyyəti xüsusi vurğulanıb, həmin təşəbbüslərin təcrübə mübadiləsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəstək olduğu qeyd edilib.
Baş katib Kayrat Sarıbay VII Sammitin yüksək səviyyədə təşkil olunmasına və Azərbaycanın sədrliyi dövründə təşkilatın işinə verdiyi mühüm töhfələrə görə dövlətimizə minnətdarlığını bildirib. O həmçinin son altı il ərzində Baş katib kimi fəaliyyəti müddətində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in tərəqqisi, əməkdaşlıq əlaqələrinin şaxələnməsi və üzvlər arasında etimad mühitinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. O, gələcəkdə də təşkilatın potensialının artırılması istiqamətində səylərin davam etdiriləcəyinə inamını dilə gətirib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Öt növbəsində nazir Ceyhun Bayramov Kayrat Sarıbaya sədrliyi dövründə gördüyü işlərə görə təşəkkür edib və ona gələcək peşəkar həyatında uğurlar arzulayıb.
Söhbət zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirlərini bölüşüblər.
