15:29

Boraltan faciəsi və müasir dövrün qərəzli kampaniyaları

Boraltan faciəsi və müasir dövrün qərəzli kampaniyaları

Lider.com.az istinadən bildirir ki, Türkiyə siyasətçilərinin, media nümayəndələrinin və din xadimlərinin Azərbaycana qarşı yönələn əsassız ittihamlarını, təhqirlərini, eləcə də diplomatik missiyalarımızın yerləşdiyi binalar qarşısında təşkil olunan nümayişlərdə səsləndirilən qeyri-etik şüarları müşahidə edərkən adamın fikri istər-istəməz Boraltan faciəsinə gedir.

Çünki tarix sadəcə ötən təqvim yarpaqlarından ibarət deyil, bəzən eyni ağrının tamamilə başqa formada təkrarlanmasıdır.

Ötən əsrin ortalarında Araz çayının o tayından pənah diləyən soydaşlarımızı sovet əsgərlərinin gülləsinə tuş gətirən həmin həssas siyasi xətt, bu gün də bəzi siyasi dairələrin, eləcə də meydanların və sosial şəbəkə platformalarının ölkəmizə qarşı apardığı qərəzli kampaniyalarda özünü büruzə verir.

1945-ci ilin avqust ayında İkinci Dünya müharibəsinin başa çatmasından dərhal sonra Araz çayı hövzəsində yerləşən Boraltan körpüsü üzərində baş verən hadisə Azərbaycan və türk xalqlarının ortaq yaddaşından silinməyən dərin mənəvi yaradır.

Sovet rejimindən qaçaraq Türkiyə ərazisinə sığınan 195 nəfər azərbaycanlı hərbçi və mülki vətəndaş qarşı tərəfə təhvil verilmiş və sərhədi keçən kimi elə oradacə qətlə yetirilmişdilər.

Arxiv sənədlərinə və şahidlərin xatirələrinə əsaslanan bu hadisə adi sərhəd proseduru deyil, gerçək bir insanlıq dramı idi.

Sovet rəhbərliyi qaçanların geri qaytarılmasını tələb etdikdə, Ankara hakimiyyəti SSRİ ilə hər hansı gərginlik yaşamaq istəmədiyi üçün bu tələbə boyun əymişdi.

Bu faciənin en ağrılı səhnəsi məhz təhvilvermə anında yaşanmışdı.

Türk zabit və əsgərlərinin boynuna sarılaraq “Bizi öz bayrağınızın altında, öz əllərinizlə vurun, amma bu düşmənə təslim etməyin” deyə fəryad edən azərbaycanlıların acısı illər keçdikcə xalq yaddaşında xüsusi misralarla əbədiləşdi.

Boraltan bir köprü, aşar geçer Aras’ı, Yuğsan Aras suyuyla, çıxmaz yüzün karası. Düşman bekler karşıda, önüne kattı beni, Can alınan çarşıda, kardeşim sattı beni. Dönüp seslendim geri, merhametsiz birine, Beni siz vursaydınız, şu gavurun yerine...

Tanınmış şair Almas İldırım da həmin bu faciəyə həsr etdiyi “Dönük qardaş” şerində bu misraları qələmə almışdı: Alnımızın yazısı qaradır, qara, Qaradan bir yaylıq yolladım yara, Yol uzun, yar uzaq, yetişməz əllər, Türklüyün qanayan qəlbini sara...

Baxmayaraq ki, dövrlər və nəsillər dəyişib, qardaş ölkə daxilindəki müəyyən qrupların Azərbaycanın haqlı mübarizəsinə və müstəqil qərarlarına qarşı sərgilədiyi qərəzli münasibət ötən əsrin “dövlət maraqları” bəhanəsinin yeni əsrə uyğunlaşdırılmış təzahürüdür.

Şuşada, Qarabağ torpaqlarında canları bahasına zəfər qazanan Azərbaycan dost hesab edərək qucaq açdığı bəzi siyasi tribunaların səssizliyindən və ya əsassız ittihamlarından yenə də mənəvi sarsıntı yaşayır.

Boraltanda həmin 195 soydaşımızı qarşı sahilə ötürən əsgərin göz yaşları nə qədər acı idisə, günümüzdə real və virtual meydanlarda Azərbaycana qarşı təşkil olunan təqib kampaniyalarından da həmin yaddaşın izləri gəlir.

Adlar və zəmanələr dəyişsə də, Boraltan körpüsündə cavabsiz qalan səs hələ də eşidilməkdədir: “Kardeşim sattı beni...”

Aslan Vəliyev