15:38

Bakıda Azərbaycan və Şri-Lanka xarici işlər nazirlərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Şri-Lanka xarici işlər nazirlərinin görüşü keçirilib

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə bir araya gəlib.

Danışıqlar zamanı iki ölkə arasındakı ikitərəfli əlaqələrin indiki səviyyəsi və qarşıdakı dövr üçün inkişaf istiqamətləri əтроatlı şəkildə dəyərləndirilib.

Tərəflər siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi, nazirliklərarası məsləhətləşmə mexanizminin fəaliyyətinin davam etdirilməsi, eləcə də müxtəlif səviyyələrdə səfərlərin və təmasların intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Görüşdə iqtisadi və humanitar tərəfdaşlığın genişləndirilməsi imkanları, xüsusilə turizm, energetika, təhsil sahələri və cəmiyyətlərarası əlaqələrin qurulması diqqət mərkəzində olub.

Nazirlər həmçinin tələbə mübadiləsi proqramlarının artırılması, təqaüd proqramlarının nəzərdən keçirilməsi və diplomatik kadrların peşəkar hazırlığı istiqamətində əməkdaşlığın önəmini qeyd ediblər.

Bundan əlavə, VII Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Sammitinin yekunları və Azərbaycanın 2024-2026-cı illər ərzində bu quruma sədrliyi ətrafında fikir mübadiləsi aparılıb, Asiya kıtəsində təhlükəsizlik, etimadın möhkəmləndirilməsi, dialoq və çoxtərəfli əməkdaşlığın təşviqi məsələləri vurğulanıb.

Sonda tərəflər hər iki dövlətin maraqlarına cavab verən sahələrdə Azərbaycan-Şri-Lanka tərəfdaşlığının daha da irəliyə aparılmasında qətiyyətli olduqlarını təsdiqləyiblər.