
Lider.com.az istinadən bildirir ki, energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə bir araya gəlib.
Danışıqlar zamanı iki dövlət arasındakı ənənəvi dostluq bağlarının strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, iqtisadi və energetika istiqamətlərində yeni perspektivlər açdığı vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama səfərinin, eləcə də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında ölkəmizə gəlişinin ikitərəfli əlaqələrin dərinləşməsindəki əhəmiyyətli rolu xüsusi qeyd edilib.
Görüşdə 2025-ci ildə Hanoy şəhərində baş tutmuş Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclasının qərarlarının icrası, həmçinin enerji, ticarət, sərmayələr və nəqliyyat istiqamətlərində ortaq layihələrin irəlilədilməsi müzakirə edilib.
Enerji sahəsindəki əməkdaşlıq çərçivəsində Azərbaycanın Vyetnamın neft-qaz sektorunun əsas tərəfdaşlarından biri olduğu bildirilib. 2023-cü ildən indiyədək bu ölkəyə 1,1 milyon tondan artıq xam neft ötürüldüyü diqqətə çatdırılıb. Azərbaycan neftinin Vyetnam emal müəssisələrinə ixracının davam etdirilməsi, SOCAR ilə "PetroVietnam" arasında tərəfdaşlığın dərinləşdirilməsi, yataqların kəşfiyyatı və işlənməsi, neft emalı, neft-kimya və servis xidmətləri istiqamətlərində yeni imkanlar nəzərdən keçirilib. Eyni zamanda, mayeləşdirilmiş təbii qazın Vyetnama nəqli imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Yaşıl enerji sahəsində Vyetnamın "ROX Group" qurumu ilə tərəfdaşlığa xüsusi diqqət ayrılıb. Naxçıvanda günəş, Bakı ətrafında isə külək elektrik stansiyalarının qurulması potensialı və imzalanmış Anlaşma Memorandumu əsasında işlərin növbəti mərhələyə daşınması məsələləri müzakirə olunub.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin ölkələrin imkanlarına uyğun şəkildə genişləndirilməsinin, ticarətin şaxələndirilməsinin və qarşılıqlı investisiyaların dəstəklənməsinin vacibliyini qeyd ediblər. Hazırda Azərbaycanda Vyetnam kapitallı yeddi müəssisənin fəaliyyət göstərdiyi açıqlanıb. Qeyri-neft ticarətinin artırılması, investisiyaların təşviqi və qorunması haqqında sənəd layihəsinin başa çatdırılması, həmçinin Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti toplantısının təşkili məsələlərinə baxılıb.
Logistika və nəqliyyat sahəsindəki irəliləyişlər müsbət dəyərləndirilib. Azərbaycan ərazisindən keçən tranzit daşımalarının 2025-ci ildə 200 faizdən çox, 2026-cı ilin yanvar-sentyabr dönəmində isə təqribən 600 faiz artdığı diqqətə çatdırılıb. Söhbət zamanı həmçinin energetika sektoru üçün kadr hazırlığı, ali məktəblər arasında əlaqələr və mütəxəssis mübadiləsi imkanlarına da toxunulub.
