
Lider.com.az istinadən bildirir ki, MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının otuz doqquzuncu iclası çərçivəsində paytaxtımızda “Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” sərlövhəli dəyirmi masa baş tutub.
Görüşdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, bu tədbir ölkələrimiz üçün getdikcə daha böyük əhəmiyyət daşıyan aktiv və sağlam yaşlanma məsələlərini araşdırmaq, eləcə də birgə müzakirələr aparmaq üçün əlverişli şərait yaradır.
Nazir müavini qocaman insanlara yönəlmiş sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsinin, həmçinin xidmətlərin fərdi tələbatlara uyğun şəkildə daha səmərəli qurulmasının əsas prioritetlərdən olduğunu vurğulayıb, habelə əmək fəaliyyətini davam etdirmək və yeni vərdişlərə yiyələnmək arzusunda olan yaşlı nəslin nümayəndələri ilə bağlı sahələrdə islahatların vacibliyini diqqətə çatdırıb.
Toplantının həmin istiqamətlərdə müzakirələr aparmaq, fikirlər bölüşmək, eləcə də MDB məkanındakı dövlətlərin təcrübəsini öyrənmək baxımından faydalı bir platforma olduğu qeyd edilib.
Daha sonra MDB İcraiyyə Komitəsinin təmsilçisi Olqa Kremskaya qurumun Baş katibi Sergey Lebedevin iştirakçılara ünvanladığı açılış nitqini oxuyub.
İclasda MDB Dövlətlərarası Statistika Komitəsinin, Məşvərət Şurası Katibliyinin, həmçinin üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə qurumlarının nümayəndələri tərəfindən “Demoqrafik dəyişiklik kontekstində sosial siyasət”, “Uzunömürlülük strategiyasının icrasında həyat keyfiyyətinə diqqət”, “Fəal və sağlam yaşlanma, sosial innovasiyalar” və digər aktual mövzularda məruzələr dinlənilib.
Birliyin ölkələrində ahıl şəxslərlə əlaqədar sosial xidmətlər şəbəkəsi, bu sahəyə yeni yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər və aparılan təhlillər barədə iştirakçılara ətraflı məlumat təqdim olunub, habelə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
