15:34

Bakıda MDB ölkələrinin Məşvərət Şurası çərçivəsində dəyirmi masa təşkil olunub

Bakıda MDB ölkələrinin Məşvərət Şurası çərçivəsində dəyirmi masa təşkil olunub

Lider.com.az istinadən bildirir ki, paytaxtımızda MDB dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının otuz doqquzuncu iclası çərçivəsində "Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar" adlı dəyirmi masa baş tutub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, tədbirdə çıxış edən nazir müavini Rəşad Mustafayev bu toplantının dövlətlərimiz üçün getdikcə böyük əhəmiyyət daşıyan aktiv və sağlam yaşlanma məsələlərini birgə nəzərdən keçirmək üçün şərait yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, yaşlı vətəndaşlara yönəlmiş sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin xidmətlərin fərdi tələbatlara əsasən daha səmərəli qurulması mühüm vəzifələrdəndir.

Eyni zamanda, əmək fəaliyyətinə davam etmək və yeni bacarıqlara yiyələnmək arzusunda olan ahıl nəsil üçün müvafiq istiqamətlərdə islahatların aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşün göstərilən sahələrdə müzakirələr aparmaq, fikir mübadiləsi etmək, eləcə də Birlik ölkələrinin təcrübəsindən yararlanmaq baxımından əlverişli platforma olduğu qeyd olunub.

Daha sonra MDB İcraiyyə Komitəsinin təmsilçisi Olqa Kremskaya qurumun Baş katibi Sergey Lebedevin tədbir iştirakçılarına ünvanladığı açılış nitqini oxuyub.

Yığıncaqda MDB Dövlətlərarası Statistika Komitəsinin, Məşvərət Şurası Katibliyinin, habelə aidiyyəti qurumların nümayəndələri tərəfindən demoqrafik dəyişikliklər fonunda sosial siyasət, uzunömürlülük strategiyasının həyata keçirilməsində həyat keyfiyyətinin rolu, fəal və sağlam yaşlanma ilə sosial innovasiyalar mövzularında məruzələr dinlilib.

Sonda MDB məkanında ahıl şəxslərə göstərilən sosial xidmətlər şəbəkəsi, bu sahəyə tətbiq olunan yeniliklər və aparılan təhlillər barədə ətraflı məlumat təqdim edilərək fikir mübadiləsi aparılıb.