
Lider.com.az istinadən bildirir ki, TƏBİB tərəfindən kəndlərdəki tibb məntəqələrinin müasir diaqnostik köşklərlə təchiz edilməsi prosesinə start verilib.
Həyata keçirilən təşəbbüs çərçivəsində həkim ştatının nəzərdə tutulmadığı və tibbi xidmətlərin yalnız orta tibb işçiləri tərəfindən göstərildiyi kənd məntəqələrində müayinə imkanlarının artırılması hədəflənir.
Qabaqcıl texnologiyaların tətbiqi sayəsində həmin obyektlərdə müəyyən ilkin müayinələrin həyata keçirilməsi, əldə olunan göstəricilərin həkimlər tərəfindən məsafədən təhlil edilməsi və zərurət yaranacağı təqdirdə xəstələrin müvafiq səhiyyə ocaqlarına göndərilməsi təmin olunacaq.
İnnovativ diaqnostik köşklərin köməyi ilə vətəndaşların arterial təzyiqi, ürək döyüntüləri, hərarəti, qandakı şəkər səviyyəsi, oksigen saturasiyası, eləcə də boyu, çəkisi və bədən kütlə indeksi yoxlanıla bilər. Eyni zamanda, elektrokardioqrafiya müayinəsi, tənəffüs sisteminin funksional durumunun qiymətləndirilməsi məqsədilə spirometriya, görmə qabiliyyətinin yoxlanılması, həmçinin qan və sidiyin ümumi analizlərinin icrası da mümkündür.
Bu qurğuların funksional xüsusiyyətlərinə orqanizmin tərkibinin analizi də daxildir ki, bu da bədəndəki piy faizi və kütləsi, əzələ həcmi, suyun miqdarı, visseral piy səviyyəsi və əsas metabolizm göstəricilərinin dəqiq təyin edilməsinə şərait yaradır.
Artıq ilk tibbi müayinə köşkü Xocavənd rayonunda quraşdırılaraq sakinlərə xidmət göstərməkdədir. Gələcək mərhələdə isə işğaldan azad olunan bölgələrdəki yaşayış məntəqələri üstünlük təşkil etməklə, respublika üzrə 170-dən artıq ünvanda belə köşklərin quraşdırılması planlaşdırılır.
