03:35

Əhalinin siyahıyaalınması üzrə işçi qrupunun əməkhaqları təsdiqləndi

Lider.com.az istinadən bildirir ki, ölkədə əhalinin siyahıyaalınmasının təşkili və həyata keçirilməsi ilə məşğul olan siyahıyaalma qrupu əməkdaşlarının aylıq vəzifə maaşlarının cədvəli rəsmən təsdiq edilib.

Nazirlər Kabineti bununla əlaqədar müvafiq qərar qəbul edib.

Sənəddən irəli gələn maliyyə məsələlərinin həlli Maliyyə Nazirliyinə həvalə olunub.

Təsdiqlənən cədvəldə siyahıyaalma qrupu rəhbərinin aylıq maaşı Dövlət Statistika Komitəsi Aparatının müvafiq şöbə müdirinin vəzifə maaşının 70 faizi həcmində müəyyənləşdirilib.

Qrup rəhbərinin müavininə isə Komitə aparatının şöbə müdiri müavininin maaşının 70 faizi qədər ödəniş nəzərdə tutulub.

Şəhər və rayon statistika idarələrində çalışan siyahıyaalma nümayəndələrinin qazancı müvafiq statistika idarəsinin rəisinin aylıq vəzifə maaşının 70 faizini təşkil edəcək.

Bundan əlavə, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərin, eləcə də baş iqtisadçı, aparıcı iqtisadçı və iqtisadçıların da qonorarları Dövlət Statistika Komitəsi aparatının müvafiq struktur bölmələrinin vəzifə maaşlarının 70 faizi səviyyəsində tənzimlənəcək.

Qeyd olunan dövlət qulluğu vəzifələri üzrə aylıq maaşlar hesablanarkən qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları əsas götürüləcək.